`Məhkəmə sistemimiz Avropa standartlarına uyğundur`

`Məhkəmə sistemimiz Avropa standartlarına uyğundur`
  11 Oktyabr 2014    Oxunub:1823
Milli Məclis sədrinin I müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən AzViison.az-a verilən məlumata görə, Z. Əsgərov qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx dostluq münasibətləri qurulub. Azərbaycan Qırğızıstanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir.

O, ölkəmizdə aparılan islahatlar, quruculuq işləri, əldə edilən uğurlu nəticələr barədə danışıb. Z. Əsgərov qeyd edib ki, müstəqillik illərində Azərbaycanda geniş hüquqi islahatlar həyata keçirilib: “Azərbaycanda məhkəmə sistemi yalnız Avropa standartlarına uyğunlaşdırılıb”.

Azərbaycan Konstitusiya Məhkəməsi ilə Qırğızıstan Konstitusiya Palatası arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini qeyd edən Z. Əsgərov həmçinin parlamentlərarası əlaqələrdən danışıb və qanunvericilik sahəsində əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğulayıb: “Hər iki ölkənin deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər”.

Öz növbəsində M. Kasımaliyev Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində mövcud əlaqələrdən danışıb. M. Kasımaliyev Qırğızıstan Konstitusiya Palatasının fəaliyyəti və səlahiyyətləri, üzvlərinin seçilməsi, habelə ölkəsində aparılan hüquqi islahatlar barədə ətraflı məlumat verib.

Qonaq Konstitusiya məhkəmələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumu da yüksək qiymətləndirib. Bu sənədin iki ölkənin hakimləri arasında əməkdaşlığın daha da genişlənməsində faydalı olacağını söyləyib.

Görüşdə həmçinin məhkəmə-hüquq sistemi sahəsində aktual məsələlər müzakirə olunub.


Teqlər:  





Xəbər lenti