Leyla Əliyeva qalibləri mükafatlandırdı

Leyla Əliyeva qalibləri mükafatlandırdı
  11 Oktyabr 2014    Oxunub:2196
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.

Müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərin şagirdlərinə 5 min “Eko gündəlik” paylanılıb və onlardan 3050-si doldurularaq təşkilatçıya təqdim olunub. Bunların arasından 20 finalçı seçilib.

Mərasimdə çıxış edən Leyla Əliyeva qalibləri təbrik etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti bildirdi ki, IDEA kampaniyasında çoxlu sayda gəncin iştirakı və ekoloji problemlərə kifayət qədər diqqət yetirilməsi sevindirici haldır. Bir çox uğurlu layihələrin reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də planetimizin flora və faunasında nəsli kəsilməkdə olan canlıların qorunması ilə bağlı IDEA-nın çox uğurlu işlər gördüyünü deyən Leyla Əliyeva kampaniya üçün “Bir planet - bir gələcək” şüarının seçilməsinin təsadüfi olmadığını bildirdi. Leyla Əliyeva kampaniya çərçivəsində ekoloji sahədə vacib addımlar atıldığını, 3 milyondan çox ağacın əkildiyini vurğuladı.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək layihənin uğurlu və davamlı olmasını arzuladı. O, Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndirdiyini qeyd edib.

Digər çıxış edənlər 2008-ci ildən keçirilən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, layihə məktəblilərin ekologiya sahəsində biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından uğurlu addımdır.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək, ona diplom və hədiyyələr təqdim etdi.

Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olundu.

“Eko Rəsm Gündəliyi-2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə edib, problemin həllinə dair təkliflər irəli sürüblər.
Tədbirdə müsabiqə ilə bağlı videoçarx nümayiş olundu.


Teqlər:  





Xəbər lenti