Mikayıl Cabbarov yeni hədəflərini açıqladı

Mikayıl Cabbarov yeni hədəflərini açıqladı
  11 Oktyabr 2014    Oxunub:3628
Bu gün Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı I Tələbə Forumu keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, iki gün davam edəcək forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edir.

Nazir qeyd edib ki, forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu və tələbələr arasında dialoqun yaradılmasıdır:

“Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. SABAH qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı öz ali təhsil müəssisələrimizdə ala bilərlər. Bu gün müasir təhsili qloballaşan dünyaya uyğun çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan təsəvvür etmək çox çətindir. Bu proseslərin hər biri yaradılan SABAH qruplarında özünü əks etdirir”.

Tədbir çərçivəsində tələbələr üçün "master klass"lar, müxtəlif mövzularda müzakirə panelləri, idman və əyləncə xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, SABAH qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.


Teqlər:  



Xəbər lenti