“Xocalıya ədalət!” kampaniyası İstanbulda

“Xocalıya ədalət!” kampaniyası İstanbulda
  11 Oktyabr 2014    Oxunub:1377
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının oktyabrın 10-da İstanbulda növbəti təqdimat mərasimi və milli əlaqələndiricilərin toplantısı keçirilib.
Mərasimdə əvvəlcə “Xocalıya ədalət!” kampaniyası haqqında film nümayiş olunub. Sonra ötən illər ərzində kampaniyanın fəaliyyətini əks etdirən geniş təqdimat keçirilib. Təqdimat zamanı İƏT Gənclər Forumunun beynəlxalq ədalətə çağırış layihələri, bu layihələrin dünyada müsəlmanlara qarşı baş vermiş, insanlığa zidd cinayətlər haqda məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması, hüquqi qiymət verilməsi sahəsində əhəmiyyətindən danışılıb, “Xocalıya ədalət!” kampaniyası zamanı əldə edilən uğurların bu baxımdan önəm daşıdığı qeyd olunub.

Tədbirdə çıxış edən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əlaqələndiriciləri öz ölkələrində bu kampaniya çərçivəsində həyata keçirdikləri işlərdən danışıblar, kampaniyanın İslam həmrəyliyi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Daha sonra “Xocalıya ədalət!” kampaniyasının milli əlaqələndiriciləri nümayəndə heyətlərinə müraciət edərək kampaniyaya qoşulmağa və öz ölkələrində bu kampaniya çərçivəsində Xocalı soyqırımı haqda məlumatların ictimaiyyətə daha geniş çatdırılması və hüquqi qiymət verilməsi istiqamətində birgə fəaliyyət göstərilməsinə çağırıblar.

Tədbir iştirakçıları bu çağırışa müsbət yanaşaraq hər biri öz ölkəsində “Xocalıya ədalət!” kampaniyasının milli əlaqələndirici özəklərinin yaradılması və fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı ümumi qərar qəbul ediblər. Kampaniyanın işinin daha uğurlu təşkili üçün əlaqələndirmə işinin qurulması ilə bağlı qısa seminar da keçirilib.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti