Birinci xanım təqdimatda – FOTO

  12 Oktyabr 2014    Oxunub : 1730
Birinci xanım təqdimatda – FOTO
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.

Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Tamaşaçılara incə yumoru, gözəl ifaları və maraqlı repertuarı özündə cəmləyən proqram təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov son illər ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə, həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Son illər ölkəmizdə çoxlu Olimpiya İdman Kompleksi istifadəyə verilib, Avropa və beynəlxalq səviyyəli idman yarışları keçirilir, gənc idmançılarımızın qarşısında geniş perspektivlər açılır.

Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan A.Ələkbərov vurğulayıb ki, ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, Təşkilat Komitəsinin səyləri, Prezident İlham Əliyevin sürətlə aparılan hazırlıq işlərinə şəxsən nəzarəti Azərbaycanın “Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini deməyə əsas verir.

“V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda 12 ölkədən 14 peşəkar pilot yarışıb. Ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparıblar.

Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil ediblər. Yarışda üçüncü yer uğrunda Azərbaycan pilotu Adil Axundov ilə Livan təmsilçisi Abdo Feqali qarşılaşıb. Rəqibini məğlub edən Livan idmançısı bürünc medala sahib olub.

Teqlər: