Müsavatda istefalar, yeni qarşıdurma

Müsavatda istefalar, yeni qarşıdurma
  13 Oktyabr 2014    Oxunub:2030
Müsavat başqanının gənclərlə iş üzrə müşaviri, partiyanın Məclis üzvü Səxavət Soltanlı partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbaslıya görə müsavatçılardan üzr istəyib.
AzVision.az xəbər verir ki, Səxavət Soltanlı Facebook səhfəsində Əhliman Abbaslını Müsavat Gənclər Təşkilatının sədri kimi gənclərə tövsiyə etdiyinə görə partiya üzvlərinə üzrxahlıq edib:

“Səhvimi xeyli əvvəl, Əhliman seçildikdən bir qədər sonra görürdüm, son ana qədər çalışırdım ki, düzəlsin, yetişsin və s. Alınmadı. Nə o işləməyi bacardı, nə də mən ona düz yolu izah edə bilmədim. Buna görə hər birinizdən üzr istəyirəm”.

S.Soltanlı Əhliman Abbaslının Gənclər Təşkilatı seçkilərindən sonra şübhəli hərəkətlər etdiyini də vurğulayıb: “O zaman fikirləşdim ki, bu gəncin xaricdə təhsil alması, daha gənc olması Müsavat GT-yə daha çox fayda verəcək, MGT-ni daha da cəlb edici edəcək. Amma gözlədiyimin əksinə oldu, O seçiləndən dərhal sonra şübhəli hərəkətləri ilə məni və dostları məyus etməyə başladı. Elə səhvləri var ki, burda yazmayacağam. Elementar səhvlərini yazacağam; 11 ay müddətində heç bir uğurlu fəaliyyət göstərməməsi bir yana, zərərli fəaliyyət göstərməyə başladı. MGT-nin ənənəvi iclaslarını vaxtlı-vaxtında keçirmir, Müsavat Partiyasının təşkil etdiyi tədbirlərə belə gəlmir, gələndə isə tədbirlərin sonunda gəlməklə, məsuliyyətsizliyi ilə məni və dostları məyus etməkdə davam edirdi. Əvvəlcədən razılaşmamıza baxmayaraq, gəncləri intriqaya çəkməyə çalışdı. Qurultay mövzusunda MGT-nin tərəfsizlik edəcəyini razılaşsaq da, bu razılaşmanı pozdu. Gənclər arasında ciddi intriqa yaratmağa başladı, gənclərin zərərli istiqamətə yönləndirilməsindəki xüsusi rolu və həvəsli olması bizi düşündürürdü”.

Məclis üzvü S.Soltanlı Ə.Abbaslının partiyanın dağılmağı haqda mətbuata məlumat verdiyini iddia edib və onu qınayıb: “Dünən eşitdim ki, Müsavat Gənclər Təşkilatının rəhbəri mətbuata zəng edib təşkilatın "dağıldığı" haqda məlumat verib. Bu artıq son idi, bir normal adam rəhbəri olduğu təşkilatın dağılması haqqında informasiyanı mətbuata niyə versin? Hətta belə hal varsa da, qarşısını almalı idi. Dura bilmədim, düzəlməyəcəyinə tam əmin olduğum üçün daxili müzakirələrdə bu məsələnin açıq şəkildə üstünə getdim. Getməsəydim, bu, dostlarıma və mübarizəyə etdiyim xəyanət kimi yaddaşlara yazılacaqdı. Nəticədə məlum oldu ki, mətbuata adlarını açıqladığı müsavatçıların 7-si, ümumiyyətlə, istefa verməyiblər (həmin şəxslərin ərizələrinin, müraciətlərinin ortada olmaması, ortaya fakt qoyulmasını istəsək də, qoyulmaması bunu deməyə əsas verir). Həmin gənclərin ikisi, sən demə, Əhliman Abbaslıya etiraz məqsədi ilə Müsavat Partiyasından deyil, MGT-dən istefa veriblər. Bu şübhəli fəaliyyəti (təşkilatın dağılması haqqında açıqlaması) haqqında çoxları tərəfindən verilən suallar qarşısında susan Əhliman Abbaslı hərəkətlərinin normal izahını verə bilmədi. Artıq belə davam edə bilməyəcəyini təxmin edirdim”.

S.Soltanlı GT sədrinin istefa səbəblərinin də əsassız olduğunu bildirib: “”Əsaslar” kökündən yalan, böhtan, şərdir. İndidən bir gəncin bu qədər yalanları özünə qalxan etməsi narahatlıq yaradır. Yalan insani keyfiyyət deyil!

İnsan yalanlarla özü ilə yanaşı, başqalarını da uçuruma aparır. Sual edə bilərsiniz ki, bu məsələni əvvəllər niyə qabartmadınız, niyə yazmadınız?

İlk olaraq düşündüm ki, düzələr, daha sonra isə namizədlərdən birini dəstəklədiyi üçün seçkiqabağı düzgün anlaşılmaz deyə, bu məsələyə toxunmamağı üstün tutdum.

Müsavat Gənclər Təşkilatının üzvləri çalışır, fəaliyyət göstərir, bundan sonra daha güclü olacağına da heç kimin şübhəsi olmasın!”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayından sonra partiyada narazılıqlar səngimir. Başqanlığa namizədlərdən Qubad İbadoğlu və onun tərəfdarları seçkidə pozuntunun olduğunu iddia edir. Başqan Arif Hacılı isə açıqlamalarında bu iddiaları partiyadaxili demokratiyanın göstəricisi kimi qiymətləndirir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti