Azərbaycanda İŞİD təhlükəsi varmı? – rəsmi AÇIQLAMA

Azərbaycanda İŞİD təhlükəsi varmı? – rəsmi AÇIQLAMA
  14 Oktyabr 2014    Oxunub:2713
“Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri «ideyalar» xalqımıza, cəmiyyətimizə xas deyil”.

AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Bölgədə İŞİD terror qruplaşmasının yaratdığı təhlükədən söz açan komitə sədri qeyd edib ki, İŞİD-in terror fəaliyyəti əslində, bütövlükdə İslam dünyasına ziyan vurmaqdan başqa bir şey deyil.

Komitə sədrinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumlar bu zərərli cərəyanların yayılmasına qarşı mütəmadi işlər aparır:

“Azərbaycanda bu qrupların dayağı yoxdur. Milli təhlükəsizlik və digər müvafiq qurumlarımız, həm də cəmiyyətimiz bu zərərli cərəyanların yayılmasına qarşıdır və bu yöndə lazımı səviyyədə işlər görülür. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və belə qruplara bu cəmiyyətizdə yer yoxdur.

Bununla belə, qarşımızda müəyyən vəzifələr dayanır və bu vəzifələrdən biri də dini maarifləndirmə işini sürətləndirmək, bölgələrdə vətəndaşlarla daha sıx əlaqələr qurmaq, müxtəlif tədbirlərlə islami dəyərlərin əsl mahiyyətini insanlara çatdırmaqdır”.

M.Qurbanlı hesab edir ki, dini-radikal qrupların meydana gəlməsi İslam dininin özünə, islam dünyasına ziyan vuran məsələdir.

“Yəni onların ortaya qoyduqları fəaliyyət bütövlükdə İslam dəyərlərinə ziddir. Bu fəaliyyət müsəlman dövlətlərində qarşıdurmalara gətirib çıxarır. Dini radikal qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək məqsədi daşıyır. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər”.

Anar Rüstəmov


Teqlər:  



Xəbər lenti