Nazirlikdən yanğınla bağlı xüsusi plan

Nazirlikdən yanğınla bağlı  xüsusi plan
  15 Oktyabr 2014    Oxunub:1527
Yasamal rayonu ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması üzrə fəaliyyətin səmərəli təşkili məqsədilə tədbirlər planı hazırlanacaq.
Bu barədə qərar Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə qəbul olunub.

Müşavirə payız-qış mövsümü ilə əlaqədar Bakı Regional Mərkəzinin “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunub.

FHN-dən bildiriblər ki, baş verən yanğın hadisələri, dəm qazı zəhərlənmələri və yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər müşavirədə ətraflı müzakirə olunub.

Tədbirdə Bakı Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin təmsilçiləri iştirak ediblər.

Müşavirədə Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov ötən il və cari ilin 9 ayı ərzində paytaxtda baş verən yanğınların müqayisəli statistikasını diqqətə çatdırıb.
Mərkəzin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşlarının “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularındakı məruzələrində dəmir dirəklərin, şlaqbaumların, binalararası beton maneələrin yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaratdığı xüsusi vurğulanıb.

Digər çıxışlarda da yaşayış binalarında yanğın təhlükəsizliyinin, rayonda qaz təsərrüfatının, enerji təchizatının mövcud vəziyyəti, yanğın zamanı ilkin tibbi yardım və s. məsələlərdən danışılıb.

Tədbirdə FHN-in fəaliyyəti, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş olunub.


Teqlər:  





Xəbər lenti