Ramiz Mehdiyevdən ermənilərə zərbə

Ramiz Mehdiyevdən ermənilərə zərbə
  15 Oktyabr 2014    Oxunub:2090
“Azərbaycan” qəzeti Ramiz Mehdiyevin kitabı haqqında məqalə dərc edib. “Saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə” başlıqlı məqalədə "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının Azərbaycanın tarix elminin son illərdəki ən böyük nailiyyətlərindən olduğu qeyd edilir.

"Prezident İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində özünü göstərmişdir. Lakin hazırda informasiya məkanında uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı, ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi sübutlar təqdim edilməlidir".

Akademik Ramiz MEHDİYEV

"İkili standartlara" qarşı informasiya savaşı

Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini beynəlxalq aləmə çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən respublikamız diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Dünya siyasətinə əsaslı təsir imkanları olan fövqəlgüc dövlətləri indi respublikamızla hesablaşır, mövqeyimizi nəzərə alırlar.
Dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü "hücum diplomatiyası"nın effektiv nəticələri göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət yürüdən respublikamız indi həm də bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini darmadağın edir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.

Ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyi "informasiya blokada"sı mərhələsini çoxdan geridə qoymuş Azərbaycan son illər Ermənistanı nəinki iqtisadi və siyasi, habelə ideoloji-təbliğati müstəvidə də əhəmiyyətli dərəcədə üstələmişdir. Hazırda dünyada geniş müşahidə edilən "ikili standartlar"a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ən müxtəlif rəsmi səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə milli elmi elitanın fəallığı da son illərdə nəzərəçarpacaq dərəcədə güclənmişdir.
Prezident İlham Əliyev ölkənin elmi elitasını uydurma erməni təbliğatına qarşı mübarizədə daha fəal və prinsipial olmağa çağıraraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar".

Akademik Ramiz Mehdiyev Azərbaycanın haqlı mövqeyini əsaslandırmaq üçün, ilk növbədə, dünyanın nüfuzlu alimlərinə, eləcə də rus və erməni tarixçilərinin əsərlərinə istinad etmiş, açıq elmi polemika yolu ilə Serj Sarkisyanın Gorusda nə qədər qeyri-ciddi, yalan və iftira xarakterli fikirlər səsləndirdiyini göstərmiş, ermənilərin tarixi faktları təhrif etmək, saxtalaşdırmaq cəhdlərini açıq ifşa etmişdir. Əsərdə haqlı olaraq vurğulanmışdır ki, Ermənistan prezidenti elmi ictimaiyyətə tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək, əvəzində isə mif və uydurmalara əsaslanmağı təklif etmişdir. Ermənistanda böyük təlaşla qarşılanan, erməni ideoloqlarını və tarixçilərini çıxılmaz duruma salan bu əsərə bədnam qonşularımızın tutarlı elmi cavab vermək cəhdləri isə fiaskoya uğramışdır.

"Gorus 2010: absurd teatrı mövsümü" əsəri həqiqətən də Qarabağ probleminin mahiyyətinin öyrənilməsi, münaqişə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində dövlətimizin apardığı diplomatik fəaliyyətə böyük dəstək, elmi təbliğatda dönüş mərhələsi olmuşdur.


Teqlər:  





Xəbər lenti