Zakir Həsənov jurnalistlərlə əməkdaşlıq edəcək

Zakir Həsənov jurnalistlərlə əməkdaşlıq edəcək
  15 Oktyabr 2014    Oxunub:1075
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlanıb.
Bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev “Azərbaycan Ordusu” qəzetində yer almış məqaləsində bildirib.

Nazir müavini qeyd edib ki, təlimat Azərbaycan Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamının icrası məqsədilə hazırlanıb.

Onun sözlərinə görə, təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb: “Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vurmuş bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, KİV nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir”.
Müdafiə nazirinin müavini əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə görüləcək tədbirlər informasiya sahəsində mövcud nöqsanların aradan qaldırılmasına imkan yaradacaq və Müdafiə NAzirlyinin fəaliyyətinin çevikliyinin daha artmasına imkan verəcək.

K.Vəliyev məqaləsində Azərbaycanda bəzi KİV-lərin ordumuzla bağlı məlumatlarda erməni mənbələrinə istinad etməsi məsələsinə də məxsusi toxunaraq onları milli təhlükəsizliyimizin qorunmasına çağırıb: “Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ictimaiyyətə çatdırır və ordumuz haqqında qeyri-obyektiv firkin formalaşmasına cəhd göstərirlər. Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu kimi məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı.(trend)


Teqlər:





Xəbər lenti