“Arif Hacılı onların ayağına getməlidir” - Müsavatda narazılıq

“Arif Hacılı onların ayağına getməlidir” -  Müsavatda narazılıq
  16 Oktyabr 2014    Oxunub:2414
“Müsavatdakı istefalar daha çox emosinal vəziyyətin nəticəsidir. Başqanlıq yarışında münasibətlər o qədər gərginləşib ki, bu yarışın nəticələrini qəbul edə bilmirik”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı bildirib.

Partiyadakı kütləv istefalardan söz açan T.Abbaslı Arif Hacılını təcili addım atmağa çağırıb:

“Hesab edirəm ki, partiya başqanı təcili bunla bağlı addımlar atmalıdır. Narazı kəsimlə görüşmək lazımdır. Namizəd olanda, yaxud da birbaşa məsuliyyət sənin üzərində olmayanda hansısa şərtlər irəli sürmək olar, amma birbaşa cavabdeh şəxsənsə lazım olsa, sən narazı kəsimin ayağına gedib problemi araşdıracaqsan. Bu gün partiyanın uğuru da, uğursuzluğu da bu günkü başqanın ayağına yazılacaq. Bunu da qəbul edirəm ki, seçilmiş başqanın nüfuzu var və bu nüfuzla hesablaşılmalıdır. Biz istəyiriksə ki, başqan partiyaya uğur qazandırsın, ona görə də həmin başqanın nüfuzunu şübhə altına almamalıyıq. Əgər kimlərsə, hələ də bu məsələləri özləri üçün müəyyənləşdirməyiblərsə, lazım olanda onların da ayağına getməlidir”.

İstefa verən partiya üzvlərindən bir neçəsi ilə görüşdüyünü deyən T.Abbaslı bildirib ki, bunun düzgün addım olmadığını onlara çatdırıb:

“Ola bilsin öz xəttimlə bəzilərilə söhbətlər edim və bu istefaların çıxış yolu olmadığını onlara izah etməyə çalışım. Bu günə qədər istefa vermiş bəzi üzvlərlə görüşmüşəm, bu addımın düz olmadığını qeyd etmişəm. Amma hər halda problemi gözardı etmək olmaz”.

Partiya üzvü hesab edir ki, istefa verənlərə laqeyd yanaşmaq olmaz:

“Müsavat Partiyası istefalarla dağılacaq partiya deyil, ondan sonra yeni üzvlər də gələ bilər. Amma bu ona əsas vermir ki, istefa verənlərin üstündən xətt çəkək. Bu dəqiqə müxalifətin insan itirən vaxtı deyil. Bir insanı cəlb etmək aylarla vaxt tələb edir. Nəzərə alsaq ki, istefaya gedənlər də siyasi keçmişi, mübarizəsi var, bu, düşündürücü haldır. Bu baxımdan qətiyyən istefaların və bu istefalara göz yummağın tərəfdarı deyiləm. Onu da qeyd edim ki, istefaları kimsə təzyiq vasitəsi kimi qəbul edirsə, bu da düz addım deyil. Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir və bu məsuliyyətdən irəli gələn addımları bəyənsə də bəyənməsə də atmalıdır”.

Qeyd edək ki, partiyanın 27 sentyabrda baş tutan qurultayından sonra daxili fikir ayrılıqları 10-a yaxın gənc fəalın istefası ilə nəticələnib. Bundan başqa ötən gün partiyanın Tpvuz rayon təşkilatı tam tərkibdə istefa verdiyini açıqlayıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti