Azərbaycan: Yüksəlməkdə olan dövlət

Azərbaycan: Yüksəlməkdə olan dövlət
  17 Oktyabr 2014    Oxunub:1704
Amerika mətbuatı Azərbaycan barədə: “Heç kim bir millətin inkişafının səviyyəsini onun ictimai-siyasi landşaftını nəzərə almadan ölçə bilməz.”

Amerikanın seeworldnews saytı Azərbaycan haqqında geniş məqalə dərc edib. C. Murreyin “Azərbaycan: Yüksələn Millət” başlığı altında qələmə aldığı yazıda ölkəmizin sürətli inkişafından bu sahədə dövlət başçısı İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın xidmətlərindən bəsh olunur.

Dövlətimizin inkişaf uğrunda yürütdüyü düzgün strategiyanı yüksək qiymətləndirən müəllif, bu yolda üzləşdiyi geo-siyasi maneələrə baxmayaraq Azərbaycanın demokratiyaya doğru sürətlə addımladığını və məhz buna görə əksər ölkələri qabaqladığını bildirib.

Məqalədə, Azərbaycanın bölgədə müharibə və ayrı-seçkiliklərin mərkəzində dayanmasına baxmayaraq, ölkə prezidenti İlham Əliyevin ölkənin gələcəyi, sülh və bərabərliyin, dini dözümlülüyün təmin olunması uğrunda həyata keçirdiyi islahatlar xüsusilə vurğulanır. İlham Əliyevin Azərbaycanı milli azlıqların tamamilə azad olduğu, müxtəlif dinlərə mənsub insanların rahat şəraitdə yaşadığı bir ölkəyə çevirdiyi qeyd olunur.

Bununla yanaşı, yazıda Azərbaycan- Avropa münasibətlərinin inkişafından, ölkədəki müsbət dəyişikliklərdən bəhs olunur. Bildirilir ki, “həm Avropa Şurasının, həm də Avropa Qonşuluq Siyasətinin bir hissəsi olan Azərbaycanda Avropa dəyərlərinə rəğbət güclüdür. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji siyasəti, iqtisadi və siyasi əlaqələr getdikcə daha da genişləndirilir”.

Qeyd olunur ki, Azərbaycanın müharibə zonasından proqressiv demokratiyaya keçməsi dövlət başçısı İlham Əliyevin innovativ rəhbərliyinin sayəsində baş tutub. “Azərbaycanın Avropa ilə siyasi və iqtisadi bağlarının möhkəmləndirilməsi ilə yanaşı, İlham Əliyev dövlət xidmətləri sahəsində də uğurlu inqilab edib. 50-dən çox dövlət sahəsi üzrə xidmət göstərən ASAN xidmət dövlətin fəaliyyətinin səmərəliyini artırır. Öz yenilikçi və mütərəqqi yanaşması ilə müasir Azərbaycanın əsasını qoyan İlham Əliyev, eyni yanaşma ilə ölkə gənclərinin inkişaf etməsi alması üçün çalışır. Bu baxımdan prezident Əliyev Qərb təhsil sistemini dəstəkləyir. Dövlətin inkişafında o, insan resurslarına böyük əhəmiyyət verir. O, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə tələbələrin universitet səviyyəsində yüksək təhsilə yiyələnməsi üçün şərait yaradıb. Artıq həm Avropada, həm də böyük Britaniyada Azərbaycanın sayılıb-seçilən tələbələri var ”- deyə Murray yazır.

Azərbaycanda gender bərabərliyi mövzusuna toxunan müəllif bildirir: “ Ola bilər ki, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi tarixinin qədimliyi bir çoxlarını təəccübləndirsin, lakin bu belədir. Hələ 53 il əvvəl, 1918-ci ildə Azərbaycan qadınları bu hüquqa yiyələnəndə İsveçrədə hələ demokratiya yox idi.

Beləliklə uzun illərə dayanan bərabər hüquqluluq siyasəti bu gün də davam edir. Bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolu danılmazdır. Həyata keçirdiyi xeyriyyə işləri ilə yanaşı, Mehriban Əliyeva bütün dünyada sülhə və bərabərliyə dəstək verən biri kimi tanınır. Təbii ki, bütün bu işlərdə həyat yoldaşı ona arxadır.”

Ölkənin sosial-iqtisadi perspektivlərinə gəlincə, Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatının səviyyəsinin Sinqapurla müqayisə ediləcək qədər güclü olduğu qeyd olunur. Bildirilir ki, Azərbaycan internetin pulsuz olduğu az saylı ölkələrdən biridir: “Qısa bir vaxt ərzində Azərbaycan simasından müharibənin izlərini sildi və iqtisadiyyatını gücləndirdi və Avropa meqapolisində diqqətəlayiq bir oyunçuya çevrildi. Bu ölkənin son 20 ildə nə qədər uzağa getdiyini görmək üçün Azərbaycanın istənilən şəhərindəki otellərdən birində qalmanız kifayət edər”.

Sonda qeyd olunur ki, “pozitiv dəyişikliklər üçün hər vəchlə çalısan innovativ rəhbərliyə malik Azərbaycan, bu gün tolerantlıq modeli və yüksək potensiallı bir ölkəyə çevrilib. Bununla Azərbaycan beynəlxalq cəmiyyətdə fəxr edə bilər”.

Məqalənin orijinalını buradan oxuyun

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti