“İnanıram ki, döyüşə hazır olacaqsınız” – Zakir Həsənov

  17 Oktyabr 2014    Oxunub : 1350
“İnanıram ki, döyüşə hazır olacaqsınız” – Zakir Həsənov
Azərbaycanın müdafiə naziri Zakir Həsənov 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir müstəqilliyi xalqın ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirib: “Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənib”.

Nazir Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş qabiliyyətini artıracağına inandığını vurğulayıb: “İnanıram ki, Siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsıniz.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, eyni zamanda döyüş hazırlığının artırılmasında uğurlar arzulayıram”.

AzVision.az

Teqlər: