Prezident Gəncədə açılışlar etdi - YENİLƏNİB - FOTOLAR

  18 Oktyabr 2014    Oxunub : 6104
Prezident Gəncədə açılışlar etdi - YENİLƏNİB - FOTOLAR
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad xan küçəsində olublar. Dövlətimizin başçısı və xanımı Cavad xan küçəsində Gəncə sakinləri ilə görüşüb söhbət ediblər.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi.

Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya – kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir.

Qeyd edildi ki, yeni korpusdakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

Prezident İlham Əliyev yeni tədris korpusunda yaradılan şəraiti yüksək qiymətləndirdi, təhsilin keyfiyyətinin artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

***
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular.

Məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Burada da uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.

Dövlətimizin başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək.
Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

Dövlətimizin başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Bildirildi ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.

Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Prezident və xanımı “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlətimizin başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.

Məlumat verilib ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.

Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

AzVision.az

Foto


Teqlər: