İlham Əliyev: “Qadınlarımızın hüquqları bərpa olunmayıb”

İlham Əliyev: “Qadınlarımızın hüquqları bərpa olunmayıb”
  20 Oktyabr 2014    Oxunub:2632
“Hörmətli konfrans iştirakçıları, sizi konfransınızın acılışı münasibətilə təbrik edir, hamınıza uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycan Respublikası İslam Әməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur”.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunda deyib. Məktubu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Dövlət başçısı qeyd edib ki, 1995-ci ildə Pekində keçirilən Qadınların Ümumdünya Konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən edib: "İslam Әməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki - İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir. Qadın hüquqlarına xüsusi diqqət yetirən İslam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdir".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu prosesinin əsas qüvvələrindən birinə cevrilib:

"Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Әməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır.

Әminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaq".

***
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərinin İnkişafında Qadınların rolu mövzusunda Nazirlərin V Konfransı keçirilir.

AzVision.az-ın məlumatına görə, konfrans Azərbaycan Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Konfransda qadınların səlahiyyətlərinın artırılması, yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın əldə edilməsi, tələblərə cavab verən imkanların inkişaf etdirilməsi və gender bərabərliyinin əldə edilməsində dəstəyin göstərilməsi və s. məsələlər müzakirə olunacaq.

Konfrans iki gün davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti