Prezidentdən daha 2 rayonla bağlı sərəncam

Prezidentdən daha 2 rayonla bağlı sərəncam
  21 Oktyabr 2014    Oxunub:1929
Prezident İlham Əliyev oktyabrın 20-də Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Sərəncamda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Goranboy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verdiyi diqqətə çatdırılır. Bildirilir ki, rayonda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Avtovağzal Kompleksi, 330 kV-luq “Goranboy” Paylayıcı Elektrik qurğusu, 45 ümumtəhsil məktəbi üçün binalar inşa edilib, Mədəniyyət Evi, 2000 yerlik şəhər stadionu, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunub, digər sosialyönümlü obyektlər istifadəyə verilib, yeni sənaye müəssisələri yaradılıb, avtomobil yolları çəkilib, Goranboy şəhərinin su və kanalizasiya sistemi yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb.

Sərəncamda Azərbaycanda müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhərinin son illərdə yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrildiyi bildirilir. Qeyd edilir ki, burada yeni səhiyyə-kurort kompleksləri yaradılıb, o cümlədən 264 yerlik “Qarabağ” sanatoriyası, “Naftalan Hotel by Rixos”un 342 yerlik yeni korpusu inşa edilib, “Çinar” sanatoriyası yenidən qurulub, Əlillərin Bərpa Mərkəzi istifadəyə verilib, 12 hündürmərtəbəli yaşayış binası və 1500 yerlik şəhər stadionu əsaslı təmir olunub, parklar salınıb, avtomobil yolları çəkilib, geniş abadlıq-quruculuq işləri aparılıb.

Sərəncama əsasən, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti