760 nəfərin ölkədən çıxışına qadağa qoyulub

  21 Oktyabr 2014    Oxunub : 1145
760 nəfərin ölkədən çıxışına qadağa qoyulub
2014-cü ilin 9 ayı ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilən tədbirlər nəticəsində oktyabrın 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği yanvarın 1-i ilə müqayisədə 5,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,3 faiz azalıb.

AzVision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu ilin 9 ayı ərzində ümumilikdə 180 min 689 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, oktyabrın 1-dək borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 5,6 faiz təşkil edib.

Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranan borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanlarında 60 min 2 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 72,4 faizi borclar ləğv edildiyi üçün bağlanıb, siyahıya alınam əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilən iddia ərizələri üzrə 1 milyon 400,5 min manat borc məbləğini əhatə edən 587 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılan qərarlar üzrə 45,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11 237 vergi ödəyicisinin 11,7 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələrdə müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə qanunamüvafiq tədbirlər görülərək, 1009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

51 min 194 borclu vergi ödəyicisinin borclarının onların milli və ya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 653 min 347 icra (ödəniş) sənədi olan sərəncam verilib.

Vergi orqanları tərəfindən 706 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 2 940 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 606 vergi ödəyicisi üzrə 26,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Teqlər: