Əli Həsənovdan məcburi köçkünlərə xəbərdarlıq

Əli Həsənovdan məcburi köçkünlərə xəbərdarlıq
  22 Oktyabr 2014    Oxunub:1634
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə əlaqədar məcburi köçkünlərə xəbərdarlıq edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktur ilə birlikdə 87 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, 42 min ailə - 220 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi Dövlətqaçqınkomun, əraziləri işğal olunmuş və məskunlaşma rayonlarının icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələrindən ibarət xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir.

Əvvəllər Komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlərə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Bakı şəhər rayonlarında yenidən bu cür hallar baş verib. Komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadıb onlardan kifayət qədər vəsait mənimsəyiblər. Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və bu cinayətkar qrupun cəzalandırılması üçün Komitədən kömək göstərilməsini xahiş ediblər.

Dövlətqaçqınkom bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Dövlətqaçqınkom bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda onlar bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti