Arif Hacılıya qarşı yeni cəbhə açılır

Arif Hacılıya qarşı yeni cəbhə açılır
  28 Oktyabr 2014    Oxunub:1892
“Fraksiya, yaxud da hər hansı qruplar nizamnaməyə zidd deyil. Demirəm ki, biz fraksiya yaradırıq, amma bəzi məsləhətləşmələrimiz olub” .
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Qubad İbadoğlu ilə birlikdə fraksiya yaradılacağı haqda xəbərlərə aydınlıq gətirərkən deyib.

O vurğulayıb ki, əsas olan kimin rəhbər olması yox, partiyanın taleyidir:

“Son zamanlar baş verən istefalar və küskünlüklər partiyaya ziyan vurur. Nəzərə alsaq ki, bələdiyyə və parlament seçkilərinə hazırlaşır, bunlar partiyaya ziyandır. Biz əgər haradasa zərərli nə isə görürüksə onun aradan qaldırılması üçün addım atamaqda sərbəstik. Görək də müxtəlif təkliflər, fikirlər var, müzakirə edirik. Fraksiya kiminsə əleyhinə, kiminsə siyasətini tənqid etmək üçün yaradılmır”.

Partiyadaxili fraksiyaların əsasən parçalanma kimi qələmə verilməsindən danışan T.Abbaslı qeyd edib ki, bu, partiyadaxili demokratiyaya xidmət edir: “Biz partiyadaxili demokratiyanın tərəfdarıyıq. Birtərəfli rəhbərliyin, bir tərəfli idarəçiliyin yox, partiyanın bütün üzvlərinin iştirakının təmin olunması, konsensusla idarə olunmasının tərəfdarıyıq. Təəssüf ki, indiki rəhbərlik deyəsən bu xətti tutmayıb. Ola bilsin ki, ancaq “mən və mənimkilər” düşüncəsi ilə yanaşır.

Fraksiya ideyasını partiyanın parçalanması kimi qəbul etmək olmaz, çünki belə bir fraksiya, birlik yaranmayıb. Sadəcə olaraq bu fikirlər müzakirə olunur. Müsavat Partiyası həmişə digərlərindən fərqlənib, müsavatçılar fədakarlıqları, partiyaya bağlılıqları ilə fərqləniblər. Ona görə də inanmıram ki, parçalanma görüntüsü olacağı fikrilərinə gəlinsin. Hamı hamını gözəl tanıyır, mübarizəsinə keçdiyi yola bələddir. Belə bir fraksiya yaranarsa, əskinə partiyadaxili demokratiyanın göstəricisi olacaq. Özümüz hökumətdən tələb edirik ki, dövlət idarəçiliyində müxalifətin rolu artırılsın, belə bir halda partiyadaxilində də bu nümunəni göstərmək gözəl olardı”.

Fraksiyanın qurultaydakı neqativ hallarla bağlı yaradılmasına gəlincə, T.Abbaslı qeyd edib ki, qurultayla bağlı narazılıqlar yalnız bir məsələdir: “Fraksiya hansısa bir dönəm, konkret bir məsələ üçün yaradılmır ki, bir məsələ həll olunsun və fraksiya buraxılsın. Mən qurultayda hansısa pozuntuların olduğunu qəbul etmirəm və başqanı da normal təbrik etmişəm. Ona görə də sırf bu sahədə narazılıqla bağlı fraksiya yaradılmasını düzgün qəbul etmirəm. Ümumiyyətlə, partiyanın gələcəkdə də idarə olunmasında fraksiyanın rolunu önəmli hesab edirəm. Təkqütblü rəhbərlik heç vaxt xeyir verməyib. Burada mənəm, Bağdadda kor xəlifə prinsipi heç bir partiyaya uğur gətirməyib. Bu tendensiyanın aradan qaldırılması üçün fraksiya önəmlidir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti