Bahar Muradova: `Biz çox narahatıq...`

Bahar Muradova: `Biz çox narahatıq...`
  28 Oktyabr 2014    Oxunub:1689
“Girov götürülən iki soydaşımızla bağlı narahatlıq keçiririk”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Deputat qeyd edib ki, müxtəlif yollarla girovların geri qaytarılması, onlara işgəncə verənlərin cəzalandırılması üçün əlimizdən gələni etməliyik:

“Qondarma bir qurumun, qondarma hüquq sistemi təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz doğma yerlərinə, yaxınlarının məzarını ziyarət etməsinə, “Dağlıq Qarabağ” adlı separatçı bir qurumun ərazi bütövlüyünün və sərhədlərin pozulması kimi qələmə verərək qondarma məhkəmə qurulması aktına etiraz etmək daha vacibdir. Təbii ki, biz öz təhlükəsizliyimizi düşünmədən hər bir soydaşımız üçün ən çətin məqama qədər gedə bilərik. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Lakin ümumi mövqeyimizə xələl gətirən fikirlər səsləndirməkdən uzaq olmalıyıq”.

B.Muradova bildirib ki, qondarma rejimi və vətəndaşlarımız üzərində qurulan qondarma məhkəməni qəbul edə bilmir:

“Hətta təhlükəni gözə almadan bəzi millət vəkillərinin həmin məhkəmədə iştirakını qeyri-mümkün sayıram. Ola bilsin ki, daxili auditoriya üçün belə bir fikirlərin səsləndirilməsi müsbətdir. Lakin bu hüququ mexanizm deyil. Bu “Dağlıq Qarabağ” rejimini tanımaq deməkdir. Buna görə də orada iştirak etmək haqqında fikir söyləmək olmaz. Bizim peşəkar bacarıqlı hüquqşünaslarımız beynəlxalq təşkilatların köməyi ilə həmin vətəndaşlarımızın hüquqlarını müdafiə etməyi lazımi şəkildə bacarmalıdır. Buna beynəlxalq aləmdəki tərəfdaşlarını cəlb etməlidirlər. Ümumiyyətlə millət vəkillərinin qondarma məhkəmədə iştirak etmək çağırışlarını düzgün saymıram. Bu qondarma rejimi tanımaq kimi sayıla bilər. Lakin vətəndaşlarımızı girovluqdan azad etmək istiqamətində hüquqi, siyasi və humanitar sahədəki imkanlarımızdan geniş istifadə etməyi bacarmalıyıq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti