Prezident Ərdoğana təbrik məktubu göndərib

Prezident  Ərdoğana təbrik məktubu göndərib
  28 Oktyabr 2014    Oxunub:1445
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik".

Dövlətimizin başçısı təbrikində qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır: "Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP – Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.

Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti