Elmira Süleymanova ana hüquqlarından danışdı

Elmira Süleymanova ana hüquqlarından danışdı
  28 Oktyabr 2014    Oxunub:1559
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Helmo Laakkonen və bu beynəlxalq qurumun Türkiyədəki nümayəndəsi, eyni zamanda Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları üzrə direktoru Zahidul Haqla görüşüb.
Ombudsman Aparatından verilən məlumata görə, görüşün məqsədi BMT-nin Əhali Fondu ilə insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək olub.

Görüşdə Ombudsman ilə Fond arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, insan hüquqlarının müvafiq aspektləri üzrə maarifləndirmə tədbirlərinin, məsləhətləşmələrin, bölgələrdə ictimai müzakirələrin keçirildiyi, əhali və inkişaf problemləri üzrə təkliflər və tövsiyələrin dinlənildiyi vurğulanıb.

Eyni zamanda, BMT-nin Əhali Fondunun 2016-2020-ci illəri əhatə edəcək proqramının əsas fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
E.Süleymanova vaxtilə yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin fəaliyyətində gender bərabərliyi, ana və uşaq sağlamlığı, habelə reproduktiv sağlamlıq və ailə planlaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü söyləyib.

Ombudsman qadına qarşı zorakılıq probleminə fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, ahıl qadınların, tənha anaların hüquqlarının müdafiəsinin vacibliyini, qadın hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkib.
Helmo Laakkonen Azərbaycan Ombudsmanının fəaliyyətini yüksək qiymətləndirib.

Qonaq Fondun 2016-2020-ci illəri əhatə edəcək proqramında qarşıya mühüm məqsədlərin qoyulduğunu və əsas hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, üzv ölkələrdə ictimai birliklərlə işin qurulması, bu qurumlara metodoloji kömək göstərilməsi, yaşlı əhali ilə iş aparılması kimi prioritet məsələlərin vacibliyini vurğulayıb.

E.Süleymanova birgə yeni hüquqi nəşrlərin hazırlanmasını, habelə birgə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.
Helmo Laakkonen və Zahidul Haq Azərbaycan Ombudsmanı ilə insan hüquqları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və qarşılıqlı əlaqələrin davamlı olacağını bildiriblər.


Teqlər:  





Xəbər lenti