“Siyasətçilər məsuliyyətli olmalıdır” - İlham Əliyev (Yenilənib)

“Siyasətçilər məsuliyyətli olmalıdır” - İlham Əliyev (Yenilənib)
  29 Oktyabr 2014    Oxunub:2667
“Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər” .

AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı söyləyib.

Dövlət başçısı populist vədlər verən siyasətçilərin xalqları üçün problem yaratdığını vurğulayıb: “Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların, maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb etmək olar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların həyata keçirilməsi davam etdirilir: “Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır. Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Gənclər Forumunun iştirakçıları Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı qazanacaqlar. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir. Gənclər isə cəmiyyətin dinamik, hərəkətverici qismidir”.

***
Prezident İlham Əliyev bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forumda iştirak edib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev forumda çıxış edib.

Qeyd edək ki, Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən təşkil olunub.

Qlobal Forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edir. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən Forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.


Teqlər:  





Xəbər lenti