Nazir müəllimlərlə bağlı əmr verdi

Nazir müəllimlərlə bağlı əmr verdi
  29 Oktyabr 2014    Oxunub:2383
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb.
AzVision.az xəbər verir ki, əmrə əsasən, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

Bu proses prezidentin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun həyata keçirilir.

Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmalıdırlar. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması, ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması, təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi, bir sıra sorğularda ümumtəhsil məktəbi haqqında müsbət rəylərin irəli sürülməsi kimi şərtlər üstünlük təşkil edir.

Ümumtəhsil məktəblərinə veriləcək mükafatların xərclənməsi istiqamətləri də əvvəlcədən göstərilir. Bu istiqamətlər laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi, inkişafyönümlü layihə və proqramların hazırlanması, elektron tədris vəsaitlərinin, elmi-metodik ədəbiyyatların alınması, innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkilindən ibarətdir.

“Ən yaxşı müəllim” müsabiqənin keçirilməsində başlıca məqsəd isə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır.


Teqlər:





Xəbər lenti