Elektroşok insana nə edir?

Elektroşok insana nə edir?
  30 Oktyabr 2014    Oxunub:7960
Milli Məclisin sonuncu iclasında “Polis haqqında” qanuna dəyişiklik edildi. Sözügedən qanunun 26-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən yalnız müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) tərəfindən siyahısı müəyyən olunan polis əməkdaşları elektroşokdan istifadə edə biləcəklər.

Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər.

Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq.

Hazırkı qanunvericiliyə görə isə elektroşokdan istifadədə məhdudiyyət yoxdur. İdarə və bölmə rəislərinin, komandirlərin icazəsi ilə hər bir polis nəfəri elektroşokdan istifadə edə bilər.

Polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə münasibət bildirən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov AzVision.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox demokratik dövlətlərinin polislərinə elektroşok gəzdirməyə icazə verilir. Komitə sədri qeyd edib ki, polisə kimsə müqavimət göstərərsə, ona tabe olmarsa, onda elektroşokdan istifadə olunur:

“Bunlarla bərabər baxır harada istifadə etmək olar, harada olmaz. Bunu qanunlaşdırmaq lazımdı. Yaşlı nəslin nümayəndəsinə, hamilə qadına, uşaqlara və yeniyetmələrə qarşı elektroşokdan istifadə etmək olmaz. Ondan qanunsuz istifadə edən polis əməkdaşı məsuliyyət daşıyır. Təqsirləndirilən şəxs polis şöbəsinə izahat, ifadə alınmaq üçün gətirilən zaman ona elektroşokdan istifadə olunarsa, bu artıq işgəncə faktoru hesab olunur”.

E.Behbudov bildirib ki, elektroşokdan istifadə edəcək polis əməkdaşları üçün kurs təşkil olunmalıdır:

“Elektroşokun öldürmə gücü yoxdu. Müvəqqəti olaraq insanı keyləşdirir və sonra keçib gedir. Onun öldürücü, xəsarətverici elə bir qüvvəsi yoxdur. Bununla belə polsi əməkdaşları onu istifadə etmək üçün kurs keçməlidir. Polislər odlu silahdan istifadə etmək üçün kurs keçdikləri kimi, elektroşokdan istifadə üçün də təlim keçməlidirlər. Təlim olmasa, ürəyi istəyən yerdə istifadə edə bilər. Bu isə qanun pozuntusudur. Bu baxımdan harada istifadə olunmalı olduğu polis əməkdaşlarına öyrədilməlidir”.

Xatırladaq ki, ABŞ, Almaniya, Rusiya, İsrail, Malayziya və qonşu Türkiyədə elektroşok aparatlarından istifadəyə icazə verilir. Bu aparat xüsusi təhlükəli hallarda geniş istifadə edilən bir vasitədir. Hətta dünyanın bir çox aparıcı ölkələrində bütün polis işçilərinə icazə verilir ki, bu tipli aparatlardan istifadə etsin. Xüsusi elektrik cərəyanı olan batareyalar vasitəsi ilə işləyən bu aparatlar bir çox üstünlüklərə sahibdir. 15 metr məsafədən hədəfə təsir etmə gücünə malik elektroşok aparatı ilə insan bir neçə dəqiqə hərəkətsiz qalır. Bundan başqa eyni anda iki şəxsi zərərsizləşdirmək mümkündür. Digər üstünlük cəhətlərindən biri isə xüsusi təhlükəli cinayətkarların sağ ələ keçirilməsinə imkan yaratmasıdır. Elə bu səbəbdən də bir çox ölkələr, hətta terrorçuları zərərsizləşdirmək üçün də elektroşok aparatlarından istifadə edir. Mütəxəssislərin fikrincə, hər hansısa bir cinayət törədən şəxsi öldürməkdənsə, onu sağ ələ keçirmək daha yaxşıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti