Dünyada Ebola, Azərbaycanda dermatit qorxusu...

Dünyada Ebola, Azərbaycanda dermatit qorxusu...
  31 Oktyabr 2014    Oxunub:4829
Bu ilin avqust ayının sonlarından başlayaraq Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında “Nodulyar Dermatit” xəstəliyi yayılıb. Həmçinin bu xəstəliklə əlaqədar bir neçə rayonda heyvan satışı bazarları bağlanıb.
Hazırda bu xəstəliklə bağlı Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzVision.az-a açıqlamasında bildirib ki, sentyabr ayında yağışlardan sonra bir qədər gərginlik yarandı və heyvanlarda xəstəlik dəridən ağ ciyər formasına keçdi.

DBX-nin rəsmisi qeyd edib ki, bundan sonra heyvanlarda tələfat xeyli artdı və xəstə heyvanların sayı birdən-birə sürətlə çoxaldı:

“Xəstəlik başlayandan bu günə qədər 5400 baş heyvan xəstəliyə yoluxub, 4500-dən çox heyvan müalicə olunub, qalan heyvanlar isə müalicə altındadır. Ümumilikdə isə 251 baş heyvan tələf olub.

Qeyd etmək lazımdır ki, hansı ərazidə xəstəlik ağciyər formasında qeydə alınıbsa, həmin ərazilərdə sintomatik müalicələr ardıcıl davam etdirilir. Hazırda ayrı-ayrı rayonlarda həm dəqiqləşmələr, həm də aparılan müalicələrin keyfiyyətini müəyyən etmək üçün monitorinqlər keçiririk.

Bu monitorinqləri aparmaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi, müavinləri və sektor müavinləri bu işə cəlb olunub. Hər kəs bu xəstəliyin aradan qalxması üçün işlər görür”.

Y.Xanvəlinin sözlərinə görə, bu xəstəlik ən çox Kürboyu zonalarda xəstəlik qeydə alınıb:

“Saatlı, Sabirabad, İmişli, Salyan və Neftçala kimi rayonlarda xəstəlik daha çox ağciyər forması qeydə alınıb. Ümumilikdə xəstəliyin dəri formasında qeydə alındığı 32 rayonun 15-də heyvanlar tamamilə müalicə olunub və bundan sonra heç bir xəstəlik qeydə alınmayıb”.

DBX-nin rəsmisi vurğulayıb ki, “Nodulyar Dermatit” xəstəliyi ilə bağlı bağlanan heyvan satışı bazarları isə yavaş-yavaş fəaliyyətlərini bərpa edirlər.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti