AŞPA-da Azərbaycanla bağlı iki məsələ müzakirə edilib

AŞPA-da Azərbaycanla bağlı iki məsələ müzakirə edilib
  31 Oktyabr 2014    Oxunub:1394
Bu gün Madriddə İspaniya Parlamentində toplaşan Avropa Şurası parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri Komitəsində Azərbaycanla bağlı iki məsələ müzakirə edilib.
Bununla bağlı AzVision.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

E.Süleymanovun sözlərinə görə, Lüksemburqdan olan sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda yenilənmiş giriş memorandumuna dair suallar və müzakirələrlə müşayiət edilən dinləmədə bu sənədin mühüm hissəsində yanlış faktlara əsaslanaraq, Azərbaycana kəskin hücum edilib və qərəzli nəticələr çıxarılıb.

Daha sonra İspaniyadan Xalq Partiyasının deputatı məruzəçi Pedro Aqramunt xüsusilə iddia edilən siyasi məhbusların işlərindən bəhs edən “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?” mövzusunda məlumat qeydini təklif edib: “Məruzəçi öz sənədinə əksər məsələlərlə bağlı yalnız QHT-lərin birtərəfli mövqeyini deyil, Azərbaycanın mövqeyini də daxil etdiyindən, bu mətn daha tarazlaşdırılmış idi, çünki belə həssas məsələ barədə hər iki fikri əks etdirirdi. AŞPA-nın bu mövzuda əvvəlki bütün sənədləri ilə müqayisədə, məruzəçinin bu mətninin birtərəfli olmaması məni razı saldı və mən öz fikrimi izah etdim. Mən hüquqi yanaşmanın zəruriliyini vurğuladım. Bildirdim ki, həm məruzəçini, həm də bu Komitənin üzvlərini bu məsələyə sırf hüquqi müstəvidən yanaşmağa çağırıram. Cəmiyyətdə tanınması, siyasi dostluğu, xarici qrant müsabiqələrinin qalibi və s. bu kimi hallara görə siyasi məhbus olmaları iddia edilən fərdi işlər bizi bu gün sanki hipnoz edib. Şübhəsiz, biz məruzəçinin etdiyi kimi, burada bu və ya digər QHT-nin siyahısını kor-koranə təkrarlayaraq, istənilən siyahı hazırlaya bilərik. İstənilən halda bu siyahı qəbul edilsə və yaxud rədd edilsə, hər zaman siyasi qurumda bu və ya digər təsadüfi cari siyasi çoxluğun nəticəsi olacaq. Bu səbəbdən nəticədə siyahımız “hüquqi” deyil, hər zaman “siyasi” siyahı olacaq”.

E.Süleymanov iclasdakı çıxışında qeyd edib ki, hüquqi dəyərləndirmə heç vaxt siyasi müzakirənin, yaxud kor-koranə səsvermənin nəticəsi olmamalıdır: “Biz hakim deyilik, bütün bu məsələlər isə hüququn aliliyinin mahiyyətidir. Siyasi məhbusların fərdi məhkəmə işləri açıq-aydın hüquqi məsələdir. Azərbaycan Avropa Şurasının üzvü olaraq Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür. Hər bir Azərbaycan vətəndaşının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var”.

Millət vəkili çıxışında səsləndirdiyi fikirlərin komitənin bir neçə üzvü tərəfindən dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, məruzəçi Aqramunt da Azərbaycanın bu günə qədər insan hüquqları sahəsində belə çox və təkrarlanan iddialarla üzləşdiyini aydınlaşdıra biləcək yeni yanaşmadan çıxış edərək, bəzi yeni və gözlənilməz məqamları vurğulayıb: “İddia edilən siyasi məhbusların əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib. Bu qəribə ittiham məni təəccübləndirdi və xüsusi diqqətimi çəkdi. Aydındır ki, vergidən yayınma məsələsi bir sıra qeydiyyatsız QHT-lərin xaricdən əhəmiyyətli miqdarda maliyyə yardımı alması və bunu elan etməməsi, eləcə də maliyyənin şəxsi maaş üçün ayrılan hissəsini elan etməməsi ilə birbaşa əlaqəlidir. Xahiş edirəm nəzərə alın ki, bu QHT-lərin bəzisi heç vaxt qeydiyyat üçün müraciət etməyib, lakin hesablarına böyük məbləğdə pullar daxil olub. Bununla bağlı maliyyə şöbəsi tərəfindən aşkar edilmiş həmin fəallar vergidən yayınmada ittiham edilərək, məhkum edilib. Hamımız bilirik ki, siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını və ya fəalları dəstəkləmək üçün xaricdən pul vəsaitinin köçürülməsində tam şəffaflıq bir çox üzv dövlətlərdə ümumi qəbul olunmuş müsbət təcrübədir”.

E.Süleymanovun sözlərinə görə, məruzəçi məsələyə daha geniş müstəvidən yanaşaraq, qlobal enerji bazarında başlıca iştirakçı kimi, Azərbaycanın geosiyasi mövqeyinə diqqəti yönəldib: “Olduqca təəccüblüdür ki, qlobal enerji bazarında Azərbaycanla birbaşa rəqabət aparan ölkələr müxalifət partiyalarını və fəalları pul vəsaiti ilə təmin edir. Bəziləri bunun təsadüf olduğunu deyir, lakin məsələni bu baxımdan daha yaxından araşdırsaq, burada başqa maraqların olduğunu açıq-aydın görərik. Nə üçün belə kiçik ölkənin fəalları digər gənc demokratiyalarda fəallara verilən qrantlara tamamilə qeyri-mütənasib olaraq, böyük məbləğdə xarici qrantlar alır? Beləliklə, gələcəkdə bu aspekti də araşdırmaq istərdim. Donor ölkələrin mühüm maliyyə səylərinin hamısını və onların insan hüquqlarından əlavə, digər sahələrdəki mümkün maraqlarının təfsilatlı siyahısını tərtib etmək maraqlı olacaq”.

“Bütün bu mülahizələr olduqca gərgin müzakirəyə yol açsa da, mən “qondarma siyasi məhbus” məsələsinə yeni yanaşmanın Avropanın gözünü açacağına ümid etdiyimi bildirdim”, - deyə millət vəkili bildirib.

Lüksemburqdan olan Sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda yenilənmiş giriş memorandumuna dair müzakirə zamanı E. Süleymanov müzakirə ilə əlaqədar olaraq, hər fərdi məhkəmə işinə dair Azərbaycana qarşı irəli sürülən bütün birtərəfli və qeyri-müəyyən iddialara faktlarla cavab verən hərtərəfli sənəd hazırladığını və bu sənədin Kruxtenin memorandumunun yanlış yanaşmasını ifşa etmək məqsədilə Komitənin bütün üzvlərinə paylandığını bildirib.

E.Süleymanov qeyd edib ki, müzakirələr zamanı yalnız QHT-lərin fəaliyyəti deyil, eləcə də onların maliyyələşməsinə diqqəti yönəldib:

“Azərbaycan qanunvericiliyində yerli QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf olması və buna görə də rəsmi şəkildə elan edilməsi tələb olunur. Bu qayda AŞPA-nın bütün üzv dövlətlərinə şamil olunur. Buna baxmayaraq, Azərbaycanda bir çox hallarda xarici qrantlar heç də öz benefisiarları tərəfindən elan edilmir. Benefisiar müxalifət liderləri və fəalları açıq-aşkar şəxsi mənfəət kimi istifadə etdikləri gəlir vergisini ödəmək istəmir. Bu, cinayət məsuliyyətidir, lakin onlar nə zamansa məhkum edilərsə və sonunda həbs olunarsa, beynəlxalq QHT-lər tərəfindən açıq şəkildə dəstəklənəcəklərini bilir. Bundan başqa, onlar indi məhşur olacaqlarına ümid edə bilər, bununla da insan hüquqularına görə beynəlxalq qiymətlər və mükafatlar alacaqlar və budur, qəflətən məhşur olduqdan sonra da gələcəkdə hətta bundan da böyük qrantlar almağa arxayın ola bilərlər. Ölkəmdə mövcud olan buna bənzər bir çox misallar çəkə bilərəm, lakin onları bir-bir sadalamağa ehtiyac duymuram. Tamamilə aydındır ki, son zamanlar xarici korporativ maraqlar bir çox ölkələrdə bir sıra çevrilişlərə sövq etmişdir. Bu gün bu ölkələr davamlı qanlı vətəndaş müharibələrindən, minlərlə mülki əhali tələfatından, cəmiyyətlər arasında ümumi durğunluq və bütün dünyada təhlükəli vəziyyətin yaranmasından əziyyət çəkir. Bu gün görürük ki, bu kimi maraqlar dövlətimizi və qurumlarımızı sarsıtmaq niyyətindədir. Bunu yalnız siyasi məhbusların qondarma siyahılarını hazırlayan yerli

QHT-lərin maliyyələşməsi yolu ilə etmək mümkündür. Sifarişlər əsasında tərtib olunmuş qondarma siyasi məhbus oyunlarının bu dəfə baş tutmayacağını bilməyinizi istərdik. Bu qondarma siyasi məhbus problemini sifarişlə ortaya atanların yalnız bir məqsədi var: Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək, onun imicini zədələmək və beynəlxalq aləmin diqqətini Azərbaycan torpaqlarının digər üzv dövlət tərəfindən qeyri-qanuni işğal altında olması faktından yayındırmaq. Bununla onlar Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə xidmət edirlər. Hesab edirəm ki, bütün bu riyakarlıqlara son qoyulmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti