Azərbaycanlı səfirdən erməni diplomata- Cavab
M.Əhmədzadə bildirib ki, Ermənistan təcavüz faktını ört-basdır etmək üçün xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadəyə çalışır. Diplomat vurğulayıb: “Erməni xalqı Ermənistan dövləti yaratmaqla artıq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Bundan başqa, ermənilərin yaşamadığı ətraf rayonların işğalı və həmin ərazilərdən də bütün azərbaycanlıların qovulması onu göstərir ki, Ermənistanın xalqların öz müqəddəratını təyin etməsi prinsipinə istinad etməsi absurddur. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayışlar var və azərbaycanlı icması da oradan qovulub. Ermənilərin Dağlıq Qarabağdan azərbaycanlıları qovaraq orada öz müqəddaratını təyinetmə tələbi yolverilməzdir”.
Səfir, həmçinin bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağa qaytarıldıqdan sonra hər iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət, sülh və ləyaqətlə yaşaya bilərlər. Məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.
M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan BMT Nizamnamasində, xüsusilə də onun 51-ci maddəsində təsbit olunmuş hüquqlara xələl gətirmədən münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, bu xüsusda 20 ildən artıqdır hələ də heç bir nəticə verməyən danışıqlar prosesində iştirak edir. “Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişanin nizamlanmasının açar elementləridir. XXI əsrdə dünya ictimaiyyəti hərbi güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qəbul etmir”, - deyə diplomat fikirlərini tamamlayıb.