Məktəbdə üzən şagirdlər

Məktəbdə üzən şagirdlər
  05 Noyabr 2014    Oxunub:1501
Bakıya son iki gündə yağan yağış suları elə iki gündür ki, 225 saylı məktəbin içinə tökülür.
AzVision.az-ın ANS TV-ə istinadən verdiyi məlumata görə, bu o məktəbdir ki, 2009-cu ildən təmirdədir. Hətta 2011-ci ildə əsaslı təmir də olunub. Bu reportajı etməkdə məqsədimiz məhz məktəbin təmiri üçün ayrılan vəsaitin istiqamətini araşdırmaqdır. Dövlət Büdcəsi hesabına təmir olunduğu söylənilən məktəb nəyə görə, təmirdən 3 il sonra bu duruma düşüb?! 1964-cü ildə istifadəyə verilən məktəbdə təxmiən 1300 şagird təhsil alırdı. Şagirdləri məktəbdən qaçıran isə oktyabrın 19-da əsən güclü külək oldu. Külək məktəbin damını yerlə yeksan etmişdi.

Artıq oktyabr ayının 19-dan 2 həftədən çox vaxt keçməsinə baxmayaraq məktəbin dam örtüyü hələ də bərpa olunmayıb. Elə buna görə də dünən yağan yağış 225 saylı məktəbin 3-cü və 4-cü mərtəbəsində olan avadanlıqları demək olar ki, sıradan çıxarıb.

Doğrudur, məktəbin dam örtüyünün uçmasına ötən ay baş vermiş şiddətli küləyi səbəb göstərmək olardı, nəzərə alsaq ki, təmir aparılan zaman keyfiyyətli nəticə üçün milyonlarla pul ayrılır. O zaman yalnız küləyi qınamaq olmur. Əldə etdiyimiz məlumata görə, məktəb 2011-ci ildə Bakı Şəhər İcra Hakimyyətinin sifarişi əsasında əsaslı təmir olunub. Konkret bu məktəb üçün rəqəm olmasa da həmin il paytaxt məktəblərinin təmiri üçün büdcədən140 milyon manat ayrılıb. Bu vəsiatlə təmir olunanlardan biri də başı bəlalı bu məktəbdir. Hökumətin investisiya xərcləri cədvəlində göstərilir ki, məsələn 650 yerlik 199 nömrəli məktəb üçün əsaslı təmirə 1,2 milyon manat ayrılıb. Bu rəqəmi əsas götürsək onda 1300 yerlik bu məktəbin təmirə təxminən 2,4 milyon manat edir. Daha bir maraqlı nüans. Prezident İlham Əliyev 2011-ci ilin avqust ayında məktəbdə təmir işləri ilə tanış olarkən ona bildirilib ki, məktəb 729 yerlikdir. Maraqlıdır ki, bu gün həmin məktəbdə 1300-ə yaxın şagird təhsil alır.

Məktəbdə olarkən daha bir informasiya öyrəndik.

Hazırda məktəbdə olan işçilərin dediyinə görə, məktəbin dam örtüyü mətbuatda deyildiyi kimi 2011-ci il əsaslı təmir zamanı deyil, ondan üç il əvvəl məktəb direktorunun Təhsil Nazirliyinə müraciəti əsasında 2009-cu ildə təmir olunub.

Belə çıxır ki, əsaslı təmir edənlər damı köhnə saxlayıblar. Məktəbin dam örtüyü uçan zaman xoşbəxtlikdən heç kim xəsarət almayıb. Nəzərə alsaq ki, ölkədə hər il onlarla məktəb təmir olunur, Bakı da küləklər şəhəridir. Belə çıxır ki, baş verə biləcək bədbəxt hadisələrdən istisna deyilik. Məktəblərdə azyaşlılar olduğundan, məsuliyyətsizliyin qurbanı da onlar ola bilər. Məktəbin direktoru Sevda Eminova da tikintidə məsuliyyətsizliyin olduğunu etiraf edir.

İndi məktəbin damını təhsil nazirliyi təmir etdirir. Normadan artıq yağan yağış suları isə məktəbin bütün təmirini sıradan çıxarıb.


Teqlər:





Xəbər lenti