ABŞ-dakı dəyişiklik Azərbaycana nə vəd edir?

ABŞ-dakı dəyişiklik Azərbaycana nə vəd edir?
  05 Noyabr 2014    Oxunub:6724
“Respublikaçılar”ın qələbə çalması Obamanın nüfuzunun aşağı olmasını göstərir. Hətta son məlumatlara görə Obamanın reytinqi 40%-dən də aşağıdır”.

Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ-da keçirilən seçkilərdə “Respublikaçılar” Partiyasının qələbə çalmasını şərh edərkən deyib. O, vurğulayıb ki, Senata seçkilərdə bəzi demokratlar belə Obamanın onları dəstəkləməyini istəmirdi:

- Çünki reytinqi aşağı olan prezidentin dəstəyini alsalar, uduza bilərdilər və uduzdular da. Senatda respublikaçılar nisbi üstünlüyə malik oldu. Bu da o deməkdir ki, Konqressdə Respublikaçı partiyası gücləndi və Obamaya qarşı müqavimət yaranacaq, o, istədiyi qanunu Konqressdə keçirə bilməyəcək. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu, Obamanın son prezidentlik dövrüdür və aydındır ki, o, səlahiyyətləri ilə vidalaşmalı olacaq.
Əsas məsələ odur ki, demokratlar Barak Obamanın yerinə heç olmasa daha layiqli namizədlə prezident seçkilərinə qatılsınlar. Hazırda ən çox Hillari Klintonun adı çəkilir, onun şansı daha çoxdur. Amma hələlik respublikaçılar güclənib, lazımi səsləri toplayıblar və bu səslər hesabına Obamaya qarşı güclü müqavimət təşkil edəcəklər.

Bunun ABŞ-ın xarici siyasətinə və Azərbaycanla münasibətlərinə gəlincə isə politoloq vurğulayıb ki, respublikaçıların hakimiyyəti dövründə Azərbaycan hökuməti ilə ABŞ münasibətləri daha yaxşı olub: “Bu dəyişikliyin iki ölkə arasındakı münasibətlərə birbaşa təsiri olmayacaq. Çünki ABŞ-Azərbaycan münasibətlərini Ağ ev və Dövlət Departamenti müəyyənləşdirir. Həmçinin müəyyən konqressmenlər var ki, Azərbaycana maraq göstərirlər. Adətən respublikaçılar Azərbaycanla strateji əməkdaşlığa önəm verir. Bu, onların prezidentliyi dövründə də belə olub. Ola bilsin ki, respublikaçı konqressmenlərdən hansısa Azərbaycanla dostluq qrupuna da daxil olsun, əməkdaşlıq haqqında müsbət fikrilər söyləsin. Bütün mənalarda Azərbaycan hakimiyyəti həmişə respublikaçılarla daha sıx münasibətdə olub. Çünki demokratlar Azəbaycanın daxili məsələlərini daha çox ön planda tutdu. Respublikaçılar isə geosiyasi məsələləri ön planda tutur”.

907-ci düzəlşin ləğvi məsələsinin qabardılmasına gəlincə isə E. Şahinoğlu bildirib ki, bunun gündəmə gələcəyini düşünmür: “Respublikaçılar da, demorkatlar da çox təəssüf ki, bu məsələni həll etmir, dondurub saxlayıblar. Bir az da konservativ yanaşma var. Belə mənasız düzəlişin dondurulsa belə, hələ də gündəmdə qalması Amerika üçün ayıbdır”.

Qeyd edək ki, ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən Respublikaçılar son 8 ildə ilk dəfə ABŞ Konqresində, Senatda üstünlüyə malik olub. İlkin məlumatlara görə “Respublikaçılar” yuxarı palatada 52-55 aralığında yerə sahib olublar. Obamanın partiyası “Demokratlar” isə 46 yerə sahib olduğu bildiriblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti