Şekspirin tərcüməçisinin maaşı artırıldı

Şekspirin tərcüməçisinin maaşı artırıldı
  05 Noyabr 2014    Oxunub:5119
Noyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) şair, tərcüməçi, ADU-nun İngilis dilinin tərcüməsi kafedrasının dosenti Sabir Mustafanın 75 illik yubileyi qeyd olundu.
Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqları salamlayaraq Sabir Mustafanın Azərbaycan dilçiliyinin və elminin gözəl nümunəsi olduğunu dedi. Təvazökar, gözəl şeirlər müəllifi Sabir Mustafanın öz dünyasına qapanaraq öz dünyası ilə bu dünyanı qovuşdurmağa cəhd göstərdiyini söylədi. Sabir Mustafanın yubileyinin daha böyük auditoriyalarda keçirilməyə layiq olduğunu deyən rektor Səməd Seyidov şairin yaradıcılığının xüsusi fəlsəfə olduğunu qeyd etdi. V. Şekspirin əsərlərinin hər zaman rus dilindən tərcümələrinə rast gəlindiyini deyən professor Səməd Seyidov Şekspirin əsərlərinin Azərbaycanda Sabir Mustafanın təqdimatında yayıldığını, tanındığını dedi. Azərbaycan Prezidentinin yeni latın qrafiki ilə əsərlərin yenidən çap çıxmasına dair sərəncamına əsasən Sabir Mustafanın əsərlərinin Dillər Universiteti tərəfindən çap üçün təqdim olunduğunu dedi.

Rektor Səməd Seyidov Prezidentin “Dünyanı Azərbaycana, Azərbaycanı dünyaya gətirək” sözlərini qeyd edərək Sabir Mustafanın milli adət-ənənələrə sadiq qalaraq bu sözləri öz əməllərində reallaşdırdığını bildirdi. Səməd Seyidov hər zaman şairin yanında olduğunu söyləyərək Sabir Mustafa kimi şairlərin yaşayıb-yaratmasında dəstək olmaq üçün ən yaxşısını etməyə çalışmalı olduqlarını dedi. Rektor, professor Səməd Seyidov Sabir Mustafanı təbrik edərək arzularını çatdırdıqda sonra yubilyarın hədiyyələrini təqdim etdi, maddi yardım və əmək haqqına olunan artımın da mükafata aid olduğunu dedi.

Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Sabir Mustafanın zəngin tərcümeyi-hala malik şəxsiyyət olduğunu dedi. Sabir Mustafanın mədəniyyətli, tərbiyəli, milli xüsusiyyətlərə malik insan kimi xarakterizə edən N. Cəfərov buna qədər V. Şeksprin yaradıcılığından tərcümələr olunsa da Sabir Mustafanın bu əsərləri məhz originaldan tərcümə etdiyinə görə daha keyfiyyətli olduğunu dilə gətirdi.
Daha sonra tədbirdə iştirak edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, şair Oqtay Rza, şair Vahid Hüseyn səbəbkarı təbrik edib ürək sözlərini söylədilər və İngilis dilinin tərcüməsi kafedrasının professoru Qılıncxan Bayramov Sabir Mustafanın həyat və yaradıcılığı haqqında məruzəsini təqdim etdi.

Yubiley mərasimi bədii hissə ilə davam etdi. Mərasimdə ADU-nun “Dalğa” rəqs ansamblı rəqslər nümayiş etdirdilər, Tərcümə fakültəsinin tələbələrinin ifasında şairin yazdığı şeirlər söylənildi, tərcümələrindən parçalar təqdim olundu və Sabir Mustafanın həyat və yaradıcılığından bəhs edən videoçarx göstərildi.

Sonda yubilyar Sabir Mustafa yubiley mərasiminin təşkil olunmasında ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, əməyi keçmiş hər kəsə təşəkkürlərini bildirdi və nitqini müəllifi olduğu “Qayıdış” şerindən bir misra söyləməklə sonlandırdı.

Qeyd edək ki, Sabir Mustafa (Sabir Mustafayev) 1939-cu il iyunun 22-də Qərbi Azərbaycanın Dərəçiçək mahalının Təkəli kəndində anadan olub. 1948-ci ildə Stalinin qərarı ilə ailəsi ilə birlikdə doğma yurd-yuvasından Saatlı rayonuna köçürülüb. Daha sonra Mustafayevlər ailəsi Qazax rayonunun Göycəli kəndində məskunlaşıb. Sabir Mustafanın uşaqlıq illəri məhz saz-söz diyarı olan Qazax rayonunda keçib. Orta məktəbi də Göycəli kəndində bitirib. 1959-cu ildə Azərbaycan Pedoqoji Dillər İnstitunu bitirdikdən sonra təyinatla Zaqatala rayonunda orta məktəb müəllimi kimi 3 il işləyib. Daha sonra Bakıdakı orta məktəbdə müəllim, Azərnəşrdə, Yazıçı nəşriyyatda bədii ədəbiyyat üzrə redaktor kimi fəaliyyətini davam etdirib. 1992-ci ildən bu günə qədər Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində tədrislə məşğuldur, tələbələrinə tərcümə sənətinin incəliklərini, ingilis dilini yalnız bir dil kimi deyil, bədii ifadə vasitəsi, ədəbiyyat dili kimi öyrədir. Uzun illər tərcümə sənəti ilə məşğul olan şair V. Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və digər əsərləri ingilis dilindən Azərbaycan dilinə tərcümə edib. V.Şekspirin "Sonetləri" (1980, 1992), "Pyeslər"i (1989) tərcümələri də kitab halında çap olunub. Frank Baumanın "Öz ölkəsinin möcüzələri", "Uzaq ellərdən doğma nəğmələr" kitablarının tərcüməsi də S.Mustafaya aiddir. Bundan başqa, o, ingilis dilinin folklorundan, şifahi, klassik ədəbiyyatından nümunələr də tərcümə edib. "Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991) kimi şeir kitabları işıq üzü görüb. Onun bədii yaradıcılığının zirvəsi isə “Türk sonetləri”dir, bu kitaba 263 sonet daxil edilib. Bu sonetlərdə Türk dünyasının keçimişindən, gələcəyindən, bu günündən söhbət açılır. Türk dünyasının əzəmətini, qüdrətini özündə əks etdirən “Arazın fəryadı”, “Vətəndən vətənə”, “Ruhlar danışır” poemalarının da müəllifidir. Onun yazdığı “Nə gözəlsən, ey Vətən”, “Yeni il”, “Novruz bayramı”, “Cənnət yurdum Qarabağ” kimi şeirlərinə bəstəkar Rəşid Şəfəq musiqilər bəstələyib. XX əsrin 60-70-ci illərindən Azərbaycanda orijinaldan birbaşa tərcümə problemləri ilə geniş məşğul olmuş Sabir Mustafa bir çox əcnəbi şairlərin Azərbaycan dilinə tərcüməsində böyük rol oynayıb, belə tərcümənin gözəl nümunələrini yaradıb.


Teqlər:  





Xəbər lenti