İcra başçısının müavini işdən niyə çıxdı? - AÇIQLAMA

İcra başçısının müavini işdən niyə çıxdı? - AÇIQLAMA
  05 Noyabr 2014    Oxunub:2066
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Pərviz Tağızadənin vəzifədən getməsi ilə bağlı xəbərə Şəmkir RİH-dən münasibət bildirilib.

AzVision.az xəbər verir ki, İcra hakimiyyətinin ümumi şöbəsinin müdiri Sənan Quliyevin aznews.az-a verdiyi məlumata görə, Pərviz Tağızadə öz ərizəsi ilə işdən azad olunub:

“Əslində onunla işləmək istəyirdik. Onun burada böyük hörməti var idi. Sadəcə olaraq səhhətində yaranan problemlə bağlı işdən uzaqlaşdı. Şəkər xəstəsi olduğundan əvvəllərdən də narahatlığı var idi”.

Hələ ki, icra başçısının müavini postunun boş olduğunu deyən şöbə müdiri əlavə edib ki, yaxın günlərdə həmin vəzifəyə təyinat olacaq.

Sənan Quliyev Pərviz Tağızadənin işsiz qalmayacağını və rahat bir işlə təmin olunacağını deyib:

“Çox güman ki, ona hər hansı bir dövlət qulluğunda iş təklifi ediləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir rayon icra hakimiyyəti başçısının köməkçisi Mayıl Məsimov da işdən ayrılıb.

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov oktyabrın 8-də prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin edilib. O, bu vəzifədə Nizami Veysovu əvəz edib.

Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi olub.



Teqlər:  





Xəbər lenti