“Elmə ayrılan vəsait artıqdır” - Asim Mollazadə

“Elmə ayrılan vəsait artıqdır” - Asim Mollazadə
  06 Noyabr 2014    Oxunub:2135
“Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı bir sıra ssenariləri təhlil edir”. AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin elm və təhsil, mədəniyyət, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələrinin birgə iclasında müzakirəsi zamanı deputat Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, buna həqiqətən ehtiyac var:

“Çünki son məlumatlara görə, beynəlxalq bazarlarda neftin qiyməti bizim müəyyənləşdirdiyimiz qiymətdən azdır. Çox güman ki, müvafiq siyasi tələblərə və dünyada gedən proseslərə görə bu qiymətlər daha da aşağı düşəcək. Bu ayın 28-də Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) görüşü olacaq. Həmin görüşdə bır sıra ölkələr neftin qiymətinin aşağı düşməsini dəstəkləyəcək. Biz də müvafiq variantlara hazır olmalıyıq. Bu nə deməkdir? 10 il ərzində Azərbaycan sürətlə inkişaf edib. Azərbaycan neftçilərinin əməyi nəticəsində ölkəmizin iqtisadiyyatı çox gözəl inkişaf etdi. İndi isə vaxt gəlib ki, biz bir neçə istiqamətlərə daha ciddi baxaq”.

Milli Məclis üzvünün sözlərinə görə, müvafiq islahatları həyata keçirə bilməsək, Azərbaycan xalqının səhiyyəsini təmin edə bilməyəcəyik:

“Ölkəmizin təhsil sistemini inkişaf etdirməliyik. Söhbət hətta məktəbəqədər təhsildən də gedir. Baxın, bir neçə türk məktəbi bağlandı. Hətta millət vəkilləri də təşviş içində oldular ki, keyfiyyətli məktəb səviyyəsi yoxdur. Deməli, müvafiq islahat olmalıdır ki, biz universitetlər üçün yüksək səviyyədə tələbələri hazırlayaq”.

A.Mollazadə bildirib ki, büdcədən elmə ayrılan vəsaitin artıqdı. Milli Məclisin üzvü təklif edib ki, əvvəlcə “Elm haqqında” qanunu qəbul etməliyik:

“Dünyanın hansı müasir ölkəsində Elmlər Akademiyası var? Hətta Rusiya Sovet erasından qurtarmaq istəyir. Guya ki, elmi maliyyələşdiririk. Biz bu gün Azərbaycan vətəndaşlarını, hətta Gürcüstan xəstəxanalarına göndəririk. İran səfirliyinin qarşısında viza üçün növbələr dayanıb. Biz büdcədən dərman almaq üçün müəyyən vəsait ayırmışıq. Bu vəsaitlə alınan dərmanlarla müalicə etmək olmaz. Özümüzü aldatmayaq. Camaat öz cibindən dərmanları almağa məcbur olur. Büdcədən müəyyənləşdirilən vəsaitlər heç olur. Mən də təklif edirəm ki, Maliyyə Nazirliyinin imkanları genişlənməli və maliyyə nəzarəti artmalıdır”.

Millət vəkili qeyd edib ki, turizm sahəsində möhtəşəm otellər tikilib, amma bunun üçün mütəxəssis yoxdur:

“Söhbət tək universitetlərdən getmir. Amma bunu hazırlayan peşə məktəblərimiz də yoxdur axı. Azərbaycan şagirdlərinin yalnız 25 faizi universitetlərə gedir. Bəs qalanlarının peşəsi nə olur? Biz buna hazır olmasaq, müvafiq beynəlxalq problemlərin də həllinə hazır ola bilməyəcəyik. Çox istərdim ki, peşə təhsili üzrə müvafiq maliyyəni ayıraq və bilək ki, bu ünvanlı maliyyədir. Təhsil, səhiyyə sistemində islahatları təmin edək ki, xərclədiyimiz hər bir manatın nəticəsi olsun”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti