`Prezident qarşımıza vacib məsələ qoyub` - Kəmaləddin Heydərov

`Prezident qarşımıza vacib məsələ qoyub` - Kəmaləddin Heydərov
  06 Noyabr 2014    Oxunub:1275
Dənizin kənarında torpaq və su sahələrinin təmizlənib əhalinin istifadəsinə verilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyev bunu qarşımıza vacib bir məsələ kimi qoyub.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələdə jurnalistlərə müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Belə sürətli inkişaf olan ölkələrdə xüsusən təhlükəsizlik məsələlərinin təminatı mühüm yer tutur. Bu istiqamətdə ölkəmizdə iri layihələr həyata keçirilir. Bu yaxınlarda Bakıda yeni dəniz limanı, gəmiqayırma zavodu açılıb.

Neftayırma zavodlarının fəaliyyəti nəticəsində çirklənmiş torpaqların təmizlənməsinin vacibliyini vurğulayan nazir Kəmaləddin Heydərov deyib: “Biz 2010-cu ildə Niderland Krallığında olduq, iş təcrübəsini öyrəndik və onları ölkəmizə dəvət etdik. O vaxtdan bu günədək Niderlandın bir çox qurum və şirkəti, o cümlədən İnfrastruktur və Ətraf Mühit Nazirliyi ilə sıx əməkdaşlığımız var. Bu gün imzaladığımız sənəd də işlərimizin davamını əks etdirir. Biz Abşeron yarımadasındakı çirklənmiş torpaqların təmizlənməsi işlərini davam etdirəcəyik. Bununla bağlı layihələrin üzərində gərgin işlər gedir. Bu layihələr demək olar ki, hazırdır və yaxın vaxtlarda onların icrasına başlanılacaq”.

Nazir Kəmaləddin Heydərov Niderlandın müxtəlif ölkələrdə bir sıra layihələrin reallaşdırılmasına cəlb olunan tanınmış şirkətlərinin Azərbaycanda da fəaliyyət göstərdiyini qeyd edərək deyib: “Kür çayında sahilbərkitmə və təmizləmə işləri aparılır. Niderland şirkətlərindən aldığımız gəmilərin fəaliyyəti nəticəsində həmin ərazilərin çox hissəsi təhlükədən xilas olunub”.


Teqlər:  





Xəbər lenti