100 min manat niyə evdə saxlanır?-Ekspert rəyi

100 min manat niyə evdə saxlanır?-Ekspert rəyi
  07 Noyabr 2014    Oxunub:9415
Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata qədər pul oğurlayıblar. İlk olaraq hər kəsi belə yüksək məbləğin evdə niyə saxlanıldığı maraqlandırır.

Həmçinin bu ilin oktyabrında Bakıda Nəsimi rayonunda evdən 40 min manat, ötən il qardaşının evindən 400 min pul oğurlayan bacı həbs edildi. Həmçinin 2013-cü ilin mart ayında bir evdən 700 min manat pul oğurlandı. Ümumiyyətlə, evlərdən 200 min manat civarında pulun oğurlanması faktlarına çox rast gəlirik.

Burada diqqət çəkən məqam odur ki, insanlar böyük məbləğdə maddi vəsaiti niyə bankda yox, evlərində saxlayırlar. Düzdür ki, banklarda qoyulan əmanətlərin riski və qazancı hansı valyuta növündə saxlanılmasından, valyuta məzənnələrinin tez-tez dəyişməsindən çox asılıdır. Törədilən cinayətlər də sübut edir ki, yüksək məbləğli pulun evdə saxlanması təhlükəlidir.

Bəs görəsən insanlar niyə böyük məbləğdə olan pulları evdə saxlayırlar?

İqtisadçı Samir Əliyev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə banklara əmanət qoyuluşu kifayət qədər yüksək deyil. Ekspertin sözlərinə görə, hətta bu sahədə son zamanlar azalma müşahidə edilir:

“Təxminən 1 il bundan öncə ümumi əmanətlər payında sığortalanmayan əmanətlərin payı təxminən 36 faiz idi. Hazırda bu rəqəm 45 faizə çatıb. Azalmaq əvəzinə getdikcə sığortalanmayan əmanətlərin sayı artır. Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklara məcmuə kapitalını artırma ilə bağlı verdiyi göstərişdən sonra hamı elə düşünürdü ki, bankların bəziləri sıradan çıxacaq. Amma bu heç də belə olmadı”

S.Əliyev bildirib ki, 10 il bundan qabaq banklara hazırki inam yox idi. İqtisadçı qeyd edib ki, son 5 ildə bankalar bu inam yaranıb:

“Bu gün əhalinin gəlirlərinin təxminən yarısı əmanət şəkilində banklarda yatırılıb. Həmçinin əhalinin əlində banklarda olan qədər vəsaitlər var ki, onları da əmanət kimi yatıra bilərlər. Bunu etməmələrinin səbəblərindən biri əmanətlər üzrə faizlərin aşağı olmasıdır, digər tərəfdən burada kölgə iqtisadiyyatında olan pullarda var. Həmin pulları banka yatırmaqda maraqlı deyillər. Çünki həmin pulu banka yatırmaqla onu rəsmiləşdirirlər. Bu baxımdan bəzi şəxslər öz gəlirlərini rəsmiləşdirmək, açıqlamaq istəyində olmur. İnsanlar qorxurlar ki, banka pul yatırsalar adları çıxacaq. Çünki başqasının adına pul yatırmağa etibar etmirlər. Qorxullar adları çoxlu pulu olan insan kimi siyahıya düşər. Bunun nəticəsidir ki, evlərdə böyük məbləğdə pul saxlanılır. Halbuki, onu banka yatırsaydılar həm təhlükəsiz olardı, həm də müəyyən qədər qazanc əldə edə bilərdi”.

Anar Kəlbiyev




Teqlər:  





Xəbər lenti