“APA Holding” “İSO 9001” keyfiyyət nişanı aldı

“APA Holding” “İSO 9001” keyfiyyət nişanı aldı
  07 Noyabr 2014    Oxunub:1730
Baş ofisi Böyük Britaniyada yerləşən “Global Certfication Limited” şirkəti “APA Holding”i “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, “Global Certfication Limited” “APA Holding”i xəbər xidməti, reklam işi, kommunikasiya və internet provayder xidmətlərini “İSO 9001:2008” standartına uyğun təşkil etməsi ilə bağlı bu sertifikata layiq bilib.

“Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Canan Ülkü APA-ya açıqlamasında deyib ki, xidmət və məhsullarının keyfiyyətini artıran şirkətlər bu keyfiyyətin beynəlxalq səviyyədə təsdiq edilməsi üçün bu sertifikatı almaq istiqamətində çalışır.

Onun sözlərinə görə, “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatı almaq üçün şirkətlər bir sıra hazırlıq işi görməlidir. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün seminarların keçirilməsi, müştəri məmnuniyyəti prosesinin yaradılması, daxili audit sisteminin formalaşdırılması və daxili audit kadrlarının yetişdirilməsi və s. daxildir.

C. Ülkü bu işlərin görüldüyü şirkətlərdə nəzarət prosesi həyata keçirildikdən sonra aparılan audit nəticəsindən asılı olaraq onlara belə sertifikatlar təqdim edildiyin qeyd edib: “İSO 9001:2008” hər hansı iş və ya təşkilatda effektiv menecment təcrübəsi, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir. “İSO 9001:2008”-in əsas məqsədi bütün təşkilatları təkmilləşmiş menecment sistemi ilə təmin etməkdir. “İSO 9001:2008” istehsal standartı deyil. O, nə də məhsul və xidmətin keyfiyyətinə təminatdır. Bununla belə, “İSO 9001:2008” hər hansı şirkətin effektiv keyfiyyət menecment sistemini yaratması, sənədləşdirməsi və qoruyub saxlaması üçün gərəkli çərçivəyə əsaslanır. Bundan başqa, bu sistem şirkətin yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməsi və bu məhsul və xidmətlərə görə məsuliyyət daşıması barədə müştərilərə obyektiv məlumat təqdim edir. Bu standart diqqəti “ilk növbədə və hər zaman keyfiyyətli işlər görməyə” yönəltməkdə köməklik göstərir. “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatı “APA Holding”ə daxil olan qurumların dünya standartlarına uyğun çalışdığını təsdiq edən bir sertifikatdır”.

Qeyd edək ki, “GlobalGROUP” şirkətinin 5 qitədə, 40-dan çox ölkədə nümayəndəlikləri var. “GlobalGROUP”un fəaliyyəti irimiqyaslı müqavilələrin təhlükəsizliyini təmin etmək, biznes fəaliyyətinin yaxşılaşdırılması və sığortalanmasında, şirkətlərin öz işini beynəlxalq səviyyədə qurmasına yardım etmək və ekspert dəyərləndirməsi üzərində qurulub.

“Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” MMC Azərbaycan isə qanunlara uyğun olaraq fəaliyyət göstərən standartlaşdırma qurumudur. Qurum eyni zamanda fəaliyyətini Beynəlxalq Hüquq və Beynəlxalq standartlara uyğun olaraq həyata keçirir. Şirkətin siyasətinin ana xətti bu sahədə beynəlxalq arenada tanınan və qəbul edilən sənəd-sertifikatlaşma, tədris mexanizmi və beynəlxalq arenada mövcud olan təcrübəni Azərbaycanda tətbiq edib sistem halına gətirməkdir. Şirkət artıq 7 ildir ki, Azәrbaycanda fәaliyyәt göstәrir vә 150-dәn artıq müәssisә vә firmalara sertifikatlar verib. Hәmin sertifikatlar dünyanın 159 ölkәsindә tanınır.

AzVision.az


Teqlər:





Xəbər lenti