Əli Abbasov İrandan gələn nazirlə görüşdü

Əli Abbasov İrandan gələn nazirlə görüşdü
  07 Noyabr 2014    Oxunub:2370
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ə. Abbasov son zamanlar tərəflər arasında bütün istiqamətlərdə, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən görüşlərin, aparılan danışıqların öz məhsuldarlığı ilə münasibətlərin inkişafına yeni təkan verdiyini, əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.

Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından məmnun qaldığını ifadə edən M. Vaezi ölkələrarası Dövlət Komissiyasının həmsədri kimi əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensial, qarşılıqlı marağın olduğunu nəzərə çatdıraraq, gələcək perspektivlərdən danışıb.

İndiyə qədər aparılan müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri məqbul sayan iranlı nazir bütün istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayaraq, xüsusən kibertəhlükəsizlik, informasiya-kommunikasiya texnologiyaları, poçt sektoru, ikinci telekommunikasiya peykinin xidmətlərindən istifadə sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

"Bakutel"də İran şirkətlərinin milli pavilyonla iştirakına yaradılan şəraitə görə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü bildirən M.Vaezi sayca 20-ci telekommunikasiya sərgisində təşkil olunacaq "Nazirlər Toplantısı" çərçivəsində bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün danışıqların davam etdirilməsinə maraq göstərdiklərini bildirib.


Teqlər:





Xəbər lenti