Tariximizin şanlı günü...

  09 Noyabr 2014    Oxunub : 1607
Tariximizin şanlı günü...
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.


Teqlər: