İdarə rəisinə AXCP-yə pul ötürmək ittihamı

İdarə rəisinə AXCP-yə pul ötürmək ittihamı
  11 Noyabr 2014    Oxunub:1632
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə “Azəriqaz” İstehsalat Birliyinin Nəsimi rayon qaz istismar idarəsinin Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Bu barədə virtualaz.org saytına Nəsimi qaz istismar idarəsinin keçmiş əməkdaşı, Qarabağ əlili Əhməd Rəhmanov məlumat verib.

Ə.Rəhmanovun sözlərinə görə, Nəsimi rayon qaz istismar idarəsinin rəisi Məcid Kərimlinin əmri ilə işdən çıxarılıb: “Mən və digər Qarabağ əlili Adil Süleymanov ixtisara salınmışıq. Əmək Məcəlləsinin tələblərinə görə, ixtisarlar aparılarkən güzəştli şəxslər, o cümlədən müharibə iştirakçıları ixtisar edilməməlidir. Lakin M.Kərimli hər vasitə ilə bizi işdən uzaqlaşdırdı. Bundan əvvəl ildə bir neçə dəfə həkim nəzarətinə göndərilirdik. İctimai aktiv olduğuma görə rəis mənim bu idarədə çalışmağımı istəmirdi”.

Qarabağ əlillərinin işə bərpa ilə bağlı iddiasına Xətai Rayon Məhkəməsində baxılıb. Xətai Rayon Məhkəməsi əlillərin işə bərpa olunması, buraxılmış iş günlərinin məvacibinin, eləcə də 300 manat mənəvi təzminat ödənilməsi haqqında qərar çıxarıb. Nəsimi rayon qaz istismar idarəsi isə Xətai Rayon Məhkəməsinin qərarından şikayət edib.

Ə.Rəhmanov dedi ki, məhkəmədə Məcid Kərimlinin AXCP-yə pul köçürməsi ilə bağlı mətbuatda verilən yazıları hakimə təqdim edib: “Mətbuatda Məcid Kərimlinin villalardan yığılan pulları AXCP-yə köçürməsi ilə bağlı iddialar səsləndirilmişdi. İddia olunurdu ki, Məcid Kərimli İranlı biznesmenlə birgə Dərnəgül qəsəbəsində ticarət obyekti açıb. Həmin vəsait isə Əli Kərimlinin rəhbərlik etdiyi paytiyaya köçürülüb. Məlumat Məcid Kərimli tərəfindən təkzib edilməyib, yazının dərc edildiyi mətbu orqan haqqında məhkəmədə iddia qaldırılmayıb. Mən iddiaların araşdırılması üşün Baş Prokurorluğa müraciət etmişəm. Çünki əlillərin işlə təminatı dövlətin nəzarətindədir və əlilləri işsiz qoymaqla bizi dövlətə qarşı qaldırmağa çalışırlar. Mən kadrların işdən çıxarılması, ixtisarlar zamanı qanun pozuntusuna yol verilməsi, o cümlədən qazın tərkibi haqqında məlumatlar vermişəm. Hesab edirəm ki, ixtisara salınmağımız da bununla bağlıdır”.

Məhkəmə ayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Nəsimi rayon qaz istismar idarəsi ümumilikdə 12 nəfəri ixtisara salmışdı. Sonradan 9 nəfər işə dəvət edilmişdi. Amma Qarabağ əlilləri əlavə işlə təmin edilməyiblər.


Teqlər:





Xəbər lenti