Erməniyə vəkillik edənlər

Erməniyə vəkillik edənlər
  12 Noyabr 2014    Oxunub:2673


Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Cəlal oğlu Quliyev və Rusiya Federasiyasının vətəndaşı, milliyyətcə azərbaycanlı Dilqəm Qardaşxan oğlu Əhmədov bu ilin iyul ayında Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma “Dağlıq-Qarabağ Respublikasının xüsusi xidmət orqanları” tərəfindən “əsir” götürülüblər.

Bu hadisə ilə bağlı Azərbaycan KİV-lərində və sosial şəbəkələrdə müxtəlif fikirlər, təşəbbüslər irəli sürülüb. Xüsusilə, azərbaycanlı hüquqşünasların bu məsələ ilə bağlı mövqeləri müxtəlif olub.

Bu günlərdə “Facebook” sosial şəbəkəsində minlərlə üzvü olan “Hüquqşünaslar” qrupunda vəkil Xalid Bağırov məsələ ilə bağlı öz fikirlərini bildirib. Bu fikirləri heç bir dəyişiklik olmadan təqdim edirik:

“Mən bizim vəkillərin Xankəndində mühakimə olunan vətandaşlarımızı müdafiə etmək üçün ora getmək istəmələri ilə qəti şəkilə razı deyiləm. Bu, təkcə ona görə deyil ki, vəkillərimiz ora getməklə tanınmamış bir "dövlətin" tanınmamış "məhkəməsini" legitimləşdirə bilərlər. Həm də qorxuram ki, onlar orda vətəndaşlarımıza bəraət alıb, bizi biabır edərlər”.



Yəqin, buradan aydın olur ki, vəkil Xankəndində qurulan “məhkəmə”nin ədalətli ola biləcəyinə eyham vurur. Bu isə dolayısı ilə erməni KİV-lərində yayımlanan xəbərlərlə eyni mövqeni əks elətdirir.

Belə ki, ermənilər bar-bar bağırırlar ki, onların qurduqları “məhkəmə” qanunidir və tam ədalətli mövqedən çıxış edir. Daha dəqiq desək, Ermənistanın www.defacto.am saytında 07 noyabr 2014-cü il tarixli “Азершоу для диверсантов» başlıqlı yazıda göstərilib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” məhkəmə prosesinin şəffaflğına və ədalətliliyinə təminat verir. Qondarma qurumun xarici işlər naziri Karen Mirzoyan bildirib ki, onlar “məhkəmənin” şəffaf aparılması üçün əllərindən gələni edirlər və hətta bunun üçün məhkəmə prosesində müvafiq beynəlxalq təşkilatların nümayəndələri də iştirak edə bilərlər.

Ermənistanın www.golosarmenii.am saytında eyni tarixdə yayımlanan “В силках собственной провокации» başlıqlı məqalədə də göstərilmişdir ki, “məhkəmə” tam ədalətlidir və istənilən beynəlxalq təşkilat məhkəmə prosesinə nəzarət etmək imkanına malikdir.

Azərbaycanlı hüquqşünasların belə mövqe göstərmələri və bu mövqenin ermənilərin fikirləri ilə üst-üstə düşməsi bizim üçün yalnız utancverici haldır və hadisələrin gedişatına heç də müsbət təsir göstərmir.

Vəkil Xalid Bağırovun sosial şəbəkədə paylaşdığı fikirlərin foto əksini və erməni mətbuatında çıxmış xəbərlərin foto əkslərini qarşılaşdırmaq üçün bu məlumata əlavə edirik.





Teqlər:



Xəbər lenti