Ruhani Bakıya niyə gəlib? - Səfərin pərdəarxası

Ruhani Bakıya niyə gəlib? - Səfərin pərdəarxası
  13 Noyabr 2014    Oxunub:6828
Xəbər verdiyimiz kimi, bu gün İran prezidenti Həsən Ruhani ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib.

İran dövlət başçısının ölkəmizə səfəri çoxdan gözlənilirdi. Hətta bu səfərin təxirə salınacağı haqda da xəbərlər yayılırdı. Bütün bunlara baxmayaraq prezident seçiləndən sonra Ruhani nəhayət Azərbaycana təşrif buyurdu.

Həsəni Ruhaninin Bakı səfərinin pərdəarxasında hansı məsələlər durur? Bu səfərin bizim üçün əhəmiyyəti nədən ibarətdir?

Ekspertlər bu səfərin ölkələrimiz arasındakı soyuq küləklərin aradan qaldırılması üçün əhəmiyyətli olduğunu hesab edirlər.

Millət vəkili Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib ki, İranla münasibətlərin daha yüksək səviyyədə qurulması bizim üçün faydalıdır:

“Hər halda İran-Azərbaycan münasibətlərinin inkişaf etməsi hamımızın xeyrinədir. Biz qonşu dövlətik və qonşu dövlətlərin münasibətləri yüksək səviyyədə olmalıdır. Çünki indiki halda hər hansı dəyişikliyi proqnozlaşdırmaq çətindir. İranın bölgədə yeritdiyi siyasət Azərbaycan siyasətilə üst-üstə düşmür. Hər halda normal yanaşmaq çalışmaq lazımdır və vacibdir ki, iki ölkə arasında yüksək səviyyədə münasibət qurulsun”.

Politoloq Qabil Hüseynli hesab edir ki, İranın Bakı səfəri ölkələrarası münasibətləri yüksək mərhələyə qaldırmaq niyyəti daşıyır.

“Məsələn bu gün İranla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 250 milyon dollardır. Tərəflər hesab edir ki, bu rəqəmi 5-10 milyard dollar səviyyəsinə qaldırmaq olar. Yəni iki tərəfli ticarət əlaqələrini daha da genişləndirməyi nəzərdə tuturlar”.
Politoloq bildirib ki, səfərin gündəmində olan əsə məsələlərdən biri də vizadır:

“İran Azərbaycana birtərəfli qaydada azad viza rejimi tətbiq edir. Oxşar vizanın da Azərbaycan tərəfindən tətbiq edilməsini arzu edir. Amma Azərbaycan buna texniki baxımdan hazır deyil. Digər tərəfdən bizim milli təhülksəzilik problemlərimiz bu işi müəyyən qədər təxirə salmağı tələb edir.

İranlılar geniş şəbəkədə oynayır. Ermənistanla qaz kəməri xətti çəkir, Ermənistanla dəmir yolu xəttini uzadıb Gürcüstandan keçməklə Rusiyaya qədər aparmaq istəyirlər. Üstəgəl bu vəsaitin hamısını İran tərəfi ödəyir. Bizimlə Rəşt istiqamətində çəkilməli olan cənub-şərq dəmiryolunun isə cəmi 15 kilometrlik yolu çəkilməli və yenidən işlənməlidir. Azərbaycan tərəfi bunu öz üzərinə götürür. İran Astarasından Rəştə qədər olan dəmiryolunun bəzi hissələri tikilməyib. Buna Azərbaycan müəyyən qədər vəsait qoyub, amma bu vəsaiti ayırmaqda tərəddüd edir. Bunu da aradan qaldırmaq lazımdır”.

Qabil Hüseynlinin fikrincə, İran üçün Azərbaycan Ermənistanla müqayisədə daha yaxşı tərəfdaşdır. Çünki Azərbaycan həm İranla Qərb, həm də İranla Rusiya arasında körpü ola bilər:

“İran tərəfi Ermənistanla münasibətləri inkişaf etdirdiyi qədər, eyni zamanda Azərbaycanda da aktivlik göstərməlidir. Bunun üçün lazımi sərmayəni yatırmağa hazır olmalıdır. Azərbaycan İranla həm Qərb, həm də Rusiya arasında ən yaxşı körpü rolunu oynaya bilər, nəinki İran. Bir sözlə İran doğurdan da yaxın qonşuluq və dostluq siyasətini həyata keçirmək istəyirsə, bu məsələlərdə axıra qədər səmimi olmalı və bir qədər də müsəlman həmrəyliyinə diqqət etməlidir”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti