Əli Hüseynli: `Tənqidlərin əsası yoxdur`

Əli Hüseynli: `Tənqidlərin əsası yoxdur`
  20 Noyabr 2014    Oxunub:1811
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı maraqlı təkliflərlə çıxış edib.
AzVision.az xəbər verir ki, komitə sədri ilk öncə dünən keçirilən müzakirələr zamanı vitse-spiker Valeh Ələsgərovun elm və təhsil haqqında çıxışından sonra onun tənqid edilməsini qəbul etmədiyini deyib.

O əlavə edib ki, vitse-spikerin fikirləri müasir çağırışların, bazar iqtisadiyyatının təkliflərinə söykənir:

“Hesab edirəm ki, bu tənqidlərin əsası yoxdur. Bu maliyyə sahibkarların, vergi ödəyicilərinin hesabına əldə edilir. Bu vəsait xərclənərkən əlbəttə onun bir nəticəsi olmalıdır. Azərbaycan dövləti prezidentin apardığı siyasətin nəticəsində varislik ənənəsi nəzərə alınıb, akademiya qorunub saxlanıb. Yəni elmə olan diqqət ən yüksək səviyyədədir.

Amma biz onun nə verdiyini təhlil etsək görərik ki, burada tərs mütənasiblik var. Əlbəttə, “Elm haqqında” qanun müzakirə edilən zaman biz fikirlərimizi daha ətraflı şəkildə deyə bilərik. Hesab edirəm ki, hökumətin bu sahədə həyata keçirdiyi siyasət kifayət qədərdir.

Əgər doğurdanda vəsait varsa və mümkündürsə, mən bir neçə istiqamətdə təklif irəli sürmək istərdim. Bu vəsaiti hara yönəltmək mümkündür? Bunlardan biri Dövlət Sirkində yeni binanın tikilməsi, müasir standartlara cavab verən sirkin formalaşdırılmasıdır.

İkincisi, Azərbaycan Dövlət Kinostudiyasının yenidən formalaşdırılmasıdır. Bunların hər ikicisi gənclərin, vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edir. Mən əminəm ki, əgər bu təkliflər hökumətdə müzakirə edilərsə, bu həm də sosial sifariş kimi qəbul edilməlidir. Vurğulamaq istəyirəm ki, bizim bölgələrdə həyata keçirdiyimiz siyasətin bir hissəsi sosial və mədəni tədbirlərə yönəlməlidir. Nə qədər prodoksal olsa da, son illər baxmayaraq ki, ölkəmizdə ciddi ictimai sabitlik mövcuddur, cinayətkarlığa qarşı hüquq mühafizə orqanları tərəfindən nəticə olan işlər həyata keçirilir, amma məişət nəticəsində cinayətkarlıq halları artmağa başlayıb. Bunun yeganə səbəbi sosial-mədəni islahatlarla bağlıdır.

Cənab sədr, sizin də dəstəklədiyiniz və bizim komitənin qəbul etdiyi qanunda hökumətin gələcəkdə maliyyələşdirdiyi layihələrdə idman və mədəni tədbirlər üstünlük təşkil edir. Mən təhsillə bağlı bir məqamı da qeyd etmək istəyirəm. Hansıki son illər bu sahədə bizim uğurumuz var. Xüsusən, xaricə təhsilə göndərilən gənclərlə bağlı nəaliyyətlər əldə edilib. Ancaq mənə elə gəlir ki, burada taktikanı bir qədər dəyişmək olar. Daha effektiv olar ki, biz xaricdən bura müəllimləri dəvət edək. Yəni bu imkandan yüzlərlə tələbə deyil, minlərlə insanlar bəhrələnə bilərlər”.

Əli Hüseynli gənclərin davamlı məşğuliyyəti ilə bağlı da təkliflər irəli sürüb:

“Hesab edirəm ki, davamlı fəaliyyət göstərən yay və qış düşərgələrinin yaradılması hökumətin diqqətində olmalıdır”.


Teqlər:  



Xəbər lenti