Bakı metropolitençiləri İstanbulda

Bakı metropolitençiləri İstanbulda
  21 Noyabr 2014    Oxunub:1867
“Bakı Metropoliteni” QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzi əhatə dairəsini genişləndirir.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq mərkəzin ilk müdavimləri Türkiyəyə yola düşüblər. Xəbər verildiyi kimi, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq Bənövşəyi xəttə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsilə bağlı təlim-tədris mərkəzində kurslara başlanılıb. Fransız mütəxəssislərin keçdiyi iki həftəlik məşğələlərdən sonra “Bakı Metropoliteni” QSC-nin 6 nəfərdən ibarət müdavimləri Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıblar. Məşğələlər “Thales SA”nın İstanbul metropolitenindəki tədris mərkəzində davam etdirilir. Bununla da 3 mərhələdən ibarət tədris prosesi ikinci mərhələsinə qədəm qoyub.

Üç həftə ərzində Bakı metropoliteninin nümayəndələri yeraltı magistraldakı mövcud işarəvərmə və rabitə sistemlərini yeni tikilən sahələrdə əvəz edəcək CBTC sisteminin işi ilə praktiki surətdə tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrüəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin 3-cü mərhələsi başlayacaq. Məşğələlər yanvar ayında Kanadanın Toronto metropolitendə keçiriləcək.

Kurslarda əldə edilən biliklərdən sonradan metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssisələr aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti