`Qərb diplomatlarının səmimiliyinə inanmaq olmaz` - Elşən Musayev

`Qərb diplomatlarının səmimiliyinə inanmaq olmaz` - Elşən Musayev
  21 Noyabr 2014    Oxunub:1606
Noyabrın 18-də Böyük Britaniya Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə (TEAS) "Böyük Britaniyanın enerji təchizatının gələcəyi və təhlükəsizliyinin təmin edilməsi" mövzusunda debat təşkil edilib.

Debat mühüm iqtisadi proseslərin cərəyan etdiyi bir məqamda baş tutub. Belə ki, ötən il Azərbaycan hökuməti və BP şirkəti tərəfindən idarə olunan "Şah Dəniz" Konsorsiumu arasında 45 milyard ABŞ dolları həcmində Yekun Sərmayə Qərarı (YSQ) imzalanıb. Bu yaxınlarda Bakıda "Cənub" Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Trans-Adriatik Boru Xətti (TAP) və Trans-Anadolu Təbii Qaz Boru Xəttindən (TANAP) ibarət olan bu layihələr nəticəsində Xəzər dənizi və Orta Asiyadan hər il 30 milyard kubmetr həcmində qaz Rusiyadan yan keçərək İtaliyada yerləşən birləşdiriciyə yönəldilərək Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu layihə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo tərəfindən "21-ci əsr üçün həqiqi geostrateji əhəmiyyəti olan bir strateji enerji yolu" kimi dəyərləndirilmişdi.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu "Bizim Yol"a şərh edən siyasi ekspert Elşən Musayev bildirib ki, Bakı özünü beynəlxalq siyasətdə strateji və güvənli müttəfiq kimi sübut edib: "Dəqiq olan budur ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan həqiqətən də enerji təhlükəsizliyi fonunda vazkeçilməz və imtina olunmaz müttəfiqdir. Üstəgəl, onun tranzit və strateji baxımdan əhəmiyyətliliyini nəzərə alarsaq. Ayrıca, xüsusi olaraq vurğulanmalıdır ki, Qərbin, Avropanın, eyni zamanda bölgədəki qonşu dövlətlərin Azərbaycana marağı həm də stabil siyasi mühitlə bağlıdır. Həmin mühitin, həmin stabilliyin əsası isə Ulu Öndər Heydər Əliyevin dövründən üzü bəri yürüdülən məqsədyönlü, məntiqli siyasətin nəticəsində qoyulub, bərqərar olub. Və ya bir zamanlar "Əsrin müqaviləsi" yəqin ki, çoxları üçün xəyal kimi görünürdü. Deyilmi? Amma tez bir zamanda reallaşdı. Ya da yəqin xatırlarsız,"Bakı-Ceyhan", "TANAP"-la bağlı nə qədər bədbin proqnoz irəli sürənlər tapılırdı. Nəticə? Nəticə olaraq həmin proqnozların hamısı necə deyərlər faş oldu. Dövlət olaraq düzgün istiqamət götürdüyümüz təsdiqləndi. Belə olan halda isə mərhələ-mərhələ Qərbin və Avropanın da diqqətini cəlb etməmiz labüd idi. Görülən işlərin, uğurların nəticəsi olaraq".

Elşən Musayevin sözlərinə görə, qərb diplomatlarının, siyasətçilərinin səmimiliyinə inanmaq olmaz. Çünki bu böyük şəbəkə uzun illər onlara inanmaqdan daha çox inanmamağımız üçün zəmin yaradıb: “Elə ancaq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərb dövlətlərinin, Qərb təmayüllü təşkilatların mövzudan sapması, ədalətli mühakimə tərəfdarı olmamaları, ən əsas da tərəfsiz qalmaları bizi başqa mövzularda da düşünməyə vadar edir. Və ya bu gün dünya çox böyük bir oyun oynayır. Həmin dünyanın faktiki bölüşdürülməsi prosesi gedir. Eyni zamanda hamı 3-cü dünya müharibəsinin başlama ehtimalından danışır, bu qorxunu bölüşür. Amma kimsə fərqində deyil ki, o müharibə artıq başlayıb. Həm də çoxdan. Sadəcə indiki durum 1918-20, ya da 1939-45 müqayisəsində daha dolğundur, daha dinamikdir, daha rabitəli və daha diplomatikdir. Üstəgəl, daha ardıcıldır. Baxın dünyaya. Dağılır dünya. Az qala bütün bölgələrdə münaqişə ocaqları var. Nə deməkdir bu? O deməkdir ki, böyük dövlətlər kiçik və orta kiçik dövlətlərə qarşı səlib yürüşünə başlayıb. Siyasətçilər isə sadəcə həmin yürüşə daha sanballı obraz, don geyindirmək üçün istifadə olunan surətlərdir. Hətta qeyd etdikləri nüanslar düzgündürsə belə, bunu düzgün kimi qavradıqlarından dolayı deyil, təlimat aldıqları üçün danışırlar".

E.Musayev hesab edir ki, qərblilərin məqsədi Rusiyanın aqressiyasını üzərimizə yönəltməkdir: "Amma hara qədər? Necə? Bu cür kustar, bəsit üsullarlamı? Demək ki, Qərbin diplomatları kimi siyasətçiləri də Azərbaycanın eyni adlı oyunlara gəlməyəcəyini ya dərk eləmirlər, ya da etməzdən keçirlər. Və bilirsiniz, burada fərqinə varılması gərəkən çox ciddi nüanslar var. Əvvəla sərhəd, qonşu anlayışı təxminən valideyn anlayışı kimi bir şeydir. Yəni imtinaolunmazlar sırasındadır. İkincisi, Azərbaycan dövləti, hakimiyyəti bütün, ələlxüsus da kritik məqamlarda heç şübhəsiz ki, bir sualı özünə mütləq verir: Rusiya kimi böyük dövlətlə düşmənçilik münasibətləri bizə hansı perspektivi vəd edə bilər? Ya da bu düşmənçilik kiminsə xoşuna gəlmək üçün niyə edilməlidir?

Və nəhayət, son qeyd eləmək istədiyim nüans: Qərb, Avropa Azərbaycana neyləyib? Qlobal anlamda heç nə. Etməyəcək də. Çünki hər kəs öz marağını güdür. Hamı özündən kiçik dövlətlərə ov kimi, istismar resursu kimi baxır. Ölkəmiz isə belələrinə heç bir zaman yem olmayacaq. Və… bilirsiniz, bəzən `balanslı siyasət` deyərkən çoxlarının ağzı qaçır və beynəlxalq siyasətdə mütləq ya Qərb, ya da Rusiya meyilli olmağın vacibliyini diktə edirlər. Oysa, həmin insanlar ya nə dediklərinin fərqində deyillər, ya da balans deyərkən düşüncələrinə maşın təkərinin balansından savayı heç nə gəlmir. Unutmamaq lazımdır ki, balanslı siyasət bütün dövlətlərlə eyni şəkildə diplomatik, işgüzar münasibət saxlamağa deyilmir. Balanslı siyasət ölkə maraqları kontekstində yürüdülən siyasətdir. Nə Qərb, nə də Rusiyameylli deyil, məhz Azərbaycanmeylli siyasətdir".



Teqlər:





Xəbər lenti