`Bacarıqlı gənclərə ehtiyacımız var` - Rövnəq Abdullayev

`Bacarıqlı gənclərə ehtiyacımız var` - Rövnəq Abdullayev
  22 Noyabr 2014    Oxunub:1669
Noyabrın 21-də “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr” mövzusunda görüş keçirilib.

Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla şirkət rəhbərliyinin nümayəndələri, Təhsili Nazirliyinin, Gənclər və İdman Nazirliyinin yüksək vəzifəli təmsilçiləri, ölkəmizdəki ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də Şirkətin Təqaüd Proqramları çərçivəsində xaricdə və Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr, habelə bu proqramlar çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislər iştirak ediblər.

ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxış edərək görüşün əlamətdar günə - Yeni Azərbaycan Partiyasının yaradılması gününə təsadüf etdiyini bildirib, tədbir iştirakçılarını təbrik edib. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. Ölkəmizdə davamlı olaraq həyata keçirilən gənclər siyasətindən danışan Rövnəq Abdullayev gənc nəslin ictmai fəallığının artırılması, onun enerji və potensialından daha effektiv istifadə edilməsi, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində yaradılmış imkanlardan söz açıb, qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramları qəbul olunub, 2013-cü ildə Gənclər Fondu yaradılmış, Gənclər üçün Prezident Mükafatı təsis edilib. Ölkəmizdə keçirilən beynəlxalq mötəbər idman və intellektual turnirlərdə gənclərin əldə etdikləri uğurları yüksək qiymətləndirən ARDNŞ-nin prezidenti enerji ehtiyatlarından əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəltməklə Azərbaycanın davamlı inkişafının təmin olunduğunu vurğulayıb, bu mənada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.

Qarşıdakı illərdə Şirkətin həyata keçirəcəyi başlıca layihələrdən danışan ARDNŞ-nin prezidenti həmin layihələrin uğur qazanması üçün müasir biliklərə yiyəlcbənmiş gənc kadrlara böyük ehtiyac olduğunu söyləyib. Bildirilib ki, Şirkət fəhlə kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atıb. Bu gün neft sənayesi üçün lazım olan fəhlə kadrlarının 80 %-i Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən 5 təlim-tədris mərkəzində hazırlanır. İndiyədək bu mərkəzlərdə 41 min müdavim ixtisasartırma, ikinci peşəyə yiyələnmə, yenidən hazırlanma kurslarına cəlb olunub, 1055 gənc isə peşə hazırlığı keçərək, SOCAR-ın müxtəlif müəssisələrində işlə təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ARDNŞ-də ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkil olunmasına 2006-cı ildən başlanılıb. İndiyədək 250 gəncin Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmiş, onların 199 nəfəri təhsilini bitirib Vətənə qayıdıb və SOCAR-da işlə təmin olunub.

Şirkət prezidenti Azərbaycanda fəaliyyət göstərən ali məktəb tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdlərinin də gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd edib. İndiyədək keçirilmiş 17 seçim müsabiqəsində Azərbaycan universitetlərinin 13 mindən artıq əlaçı tələbəsi iştirak edib, onlardan 1681 tələbə SOCAR təqaüdünə layiq görülüb.

Rövnəq Abdullayev bildirib ki, 2009-cu ildən etibarən təhsilini təqaüdçü kimi başa vuran məzunlarla yanaşı təqaüd müsabiqələrində fərqlənənlərə də işə qəbul zamanı üstünlük verilir. İndiyədək 161 nəfər bu yolla işə qəbul olunub.

Vurğulanıb ki, Şirkət üzrə kadrların keyfiyyət tərkibində müsbət dəyişikliklər baş verib, qısa müddət ərzində işçilərin ümumi sayında gənclərin xüsusi çəkisi yüksəlib. 2014-cü ildə həm SOCAR-ın struktur bölmələrinin idarəetmə aparatında, həm də Baş ofisdə çalışan gənclərin xüsusi çəkisi 2005-ci illə müqayisədə təxminən 2 dəfə artıb. Gənclər bu gün Şirkətin Baş ofisində ümumi işçilərin 23 %-ni, 35 yaşına qədər olan əməkdaşlar isə 43,7 %-ni təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti