Arif Hacılı və İsa Qəmbərə xəyanət ittihamı

Arif Hacılı və İsa Qəmbərə xəyanət ittihamı
  24 Noyabr 2014    Oxunub:1740
“Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Xəyanət, saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir”.
AzVision.az xəbər verir ki, bu barədə Müsavat Partiyasından çıxarılan, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy İsa Qəmbərin partiya müşavirəsində səsləndirdiyi ittihamlara cavabında bildirib.

S.Əlisoy hesab edir ki saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir:

“Ömrünün 10 ilini, 20 ilini Müsavata qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır. Orta səviyyəli kənd tamadasına biət etməyənlərə nifrət, təbii ki, psixoloji sorundan xəbər verir. Bir silahdaşı, beş silahdaşı xəyanətkar saymaq olar, onlarla, yüzlərlə silahdaşı xəyanətkar elan etməyin adı daha nə ola bilər? Vicdan gərək cüzdana bağlı olmasın. Yalnız o halda obyektiv fikir izhar etmək mümkündür. Qurultaydan narazı qalanları xəyanətdə ittiham etmək absurddur. Müsavata xəyanət edənlər yalnız və yalnız saxtakarlardır!”

Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər partiyanın ötən gün keçirilən ümumrespublika müşavirəsində sərt çıxış edib. O, Arif Hacılıya qarşı çıxanları tənqid edərək onları xəyanətdə suçlayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti