Nazirlikdən ikinci dəfə lavaş açıqlaması

Nazirlikdən ikinci dəfə lavaş açıqlaması
  27 Noyabr 2014    Oxunub:2098
YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil.

AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verilib. Yəni ermənilər lavaşın yalnız onlara məxsus olmasını iddia edirdilər. Azərbaycanın Xarici İşlər və Mədəniyyət və Turzm nazirlikləri, Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb.

YUNESKO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşıb. Halbuki Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınıb və Komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olsa da, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil.

Qərarla bu ünvanda tanış olmaq olar: https://azvision.az/redirect.php?url=http://www.unesco.org/culture/ich/en/RL/00985

Ümumiyyətlə qeyd edilməlidir ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyasına əsasən, Reprezentativ siyahıya təqdim edilən mədəni elementlər həmin elementin hər hansı xalqa və yaxud dövlətə məxsus olmasını müəyyən etmir və əslində həmin elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir. Yəni bir ölkənin ərazisində müəyyən qrup insan həmin elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün YUNESKO-ya təqdim etsin. Belə ki, YUNESKO siyahısı mədəni irsin mənsubiyyətini təyin etmir, onu qorumaq üçün qəbul edir. Əgər bir neçə ölkədə həmin mədəni irs nümunəsi varsa, bu ölkələr hər hansı bir elementi YUNESKO-ya birlikdə çoxmillətli fayl kimi, və yaxud ayrı-ayrılıqda təqdim edə bilər.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin.

Ermənistanla Azərbaycan müharibə şəraitindədir və Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Belə ki, informasiya müharibəsi fonunda mövcud olan həssaslığı nəzərə alaraq, istənilən məlumatın cəmiyyətə təqdimatı real faktlara və etibarlı mənbəyə istinad edilməlidir.


Teqlər:  





Xəbər lenti