Gələn ilin büdcəsi təsdiqləndi

Gələn ilin büdcəsi təsdiqləndi
  28 Noyabr 2014    Oxunub:1704
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev parlamentin bugünkü iclasında deputatların təklif və iradlarına cavab verib.
AzVision.az xəbər verir ki, E.Mehdiyevin sözlərinə görə, MM-in əvvəlki iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı səsləndirilən təkliflər Fondda və hökumətdə bir daha müzakirə olunub və təkliflər xüsusi diqqətə alınıb.

O qeyd edib ki, sanatoriya kurort müalicəsi yollayışları xərc artımı ilə bağlı təkliflər səsləndirilmişdi. Qeyd etməliyəm ki, sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirlərin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu. Bu 2014-cü ilə nisbətən 2,2 faiz çox idi. Artım əsasən aşağıdakı kimi nəzərdə tutulmuşdu:

“Artımın 122,8 min manatı sanatoriya kurort müalicəsi və istirahət üçün yollayışların alınamsı üzrə xərclərin artırılması, 30,3 min manatı sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətini təmin etmək, 167,4 AHİK-in idman cəmiyyətlərində idman qurğularının saxlanması sistemində əmək haqlarının ödənişi istiqamətində, 84,8 min manatı AHİK-in texniki və əməyin hüququ müdafiəsi həkim, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanması xərcləri üzrə, 9,7 min manat artım isə sanatoriyalarda yemək xərcləri və tibbi yardımla bağlı idi.

Daxili ehtiyatlarımız bir daha nəzərdən keçirildi və əlavə olaraq Sanatoriya kurort müalicəsi yollayışların daha 100 min manat artımı üzrə proqnozlarda müəyyən dəyişikliklər oldu. Əgər millət vəkillərimiz səs verərlərsə, o zaman gələn il üçün nəzərdə tutulan sahənin xərcləri artıq 222 min manat olacaq”.

Çıxışlardan sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri səs qoyularaq qəbul edilib.

İclasda həmçinin Azərbaycan Milli Məclisinin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası da qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti