`Əli Kərimli, sən primadonnasan?` - Sərdar Cəlaloğlu

  29 Noyabr 2014    Oxunub : 2231
`Əli Kərimli, sən primadonnasan?` - Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə geniş müsahibə verib. AzVision.az xəbər verir ki, S.Cəlaloğlu müsahibəsində dialoqla bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin Əli Həsənova müraciətlərinin səbəblərinə toxunub.

Bildirib ki, YAP-ın qurultayında həm bu partiyanın, həm də hakimiyyətin siyasi partiyalarla dialoq üzrə komissiyasının sədri Əli Həsənov təyin olunduğu üçün müraciət ona göndərilib.

S.Cəlaloğlu müsahibəsində Ə.Kərimlinin ünvanına sərt ifadələr səsləndirib. ADP sədri deyib ki, Ə.Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edir:

“Bu, gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?”

ADP sədri eyni zamanda AXCP fəallarının sosial şəbəkədəki davranışlarına da toxunub. Deyib ki, bu dialoqla bağlı onları ən pis küçə söyüşləri ilə təhqir edirlər:

“Siyasi partiyaların əsas vəzifələrindən biri vətəndaş tərbiyə etməkdir, pozğun küçə uşaqları tərbiyə etmək deyil. Sən uşaqları öyrədirsən, gedib otururlar internetdə, analarının-bacılarının oxuduğu sosial şəbəkələrdə ağızlarına gələn küçə söyüşləri yazırlar, tərbiyəsizlik edirlər. Ola bilsin, heç uşaqlar deyil, böyüklərdir, amma hər halda qoy bilsin ki, vaxtilə onun özünə qarşı iqtidar belə bir kampaniya aparıb, onda biz Əli Kərimlini müdafiə edirdik. Bu gün Əli Kərimli sosial şəbəkələrdə həmin üsul və metodlarla bizə qarşı mübarizə təşkil edib, bunu düşünsün”.

Teqlər: