250 şirkət prezidentin açılış etdiyi sərgidə

250 şirkət prezidentin açılış etdiyi sərgidə
  02 Dekabr 2014    Oxunub:1562
Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (Bakutel-2014) sərgi və konfransı öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, ilk olaraq sərgini Azərbaycan Respublikası prezidenti İlham Əliyev ziyarət edib. Daha sonra sərgi qonaqlar üçün açılıb. “Bakutel” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Bunlar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribyutorları var. Bu sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilk dəfə olaraq öz stendi ilə iştirak edir.

Artıq 20 ildir ki, Bakutel sərgisi hər il telekommunikasiya bazarının aparıcı şirkətlərini bir araya toplayaraq İT məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir və burada əlaqələr qurulur, yeni müəssisələr yaradılır. Eyni zamanda, Bakı-2015 Birinci Avropa Oyunlarına hazırlıq prosesi ilə əlaqədar sərgi keçirilən kompleksin foyesində yerləşən “Bakı-2015” adlı stend nümayiş olunur. Burada Avropa oyunlara hazırlıq prosesi, onun texniki və texnoloji məsələləri, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində gözlənilən sürprizlər sərgilənir.

Sərgidə bir sıra ölkələrin milli stendləri iştirak edir. Ənənəyə sadiq qalaraq, sərgi gənc mütəxəssislərin regionun İKT sektorunun bu ən böyük tədbiri çərçivəsində öz ixtira, proqram və xidmətləri haqqında danışması üçün imkan yaradır.

Bununla əlaqədar olaraq, sərgidə “startap”lara (yeni fəaliyyətə başlayan şirkətlərə) böyük diqqət ayrılıb və bu il də onların sərgidə iştirakı üçün xüsusi stendlər təşkil olunub.

Həmçinin, İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da planlaşdırılıb. Beləliklə, Bakutel sərgisi çərçivəsində “Əşyalar İnterneti” mövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar”” adlı beynəlxalq forumu keçiriləcək.

Bakutel2014 sərgisinin baş sponsoru “İntel” şirkətidir. Sərginin digər sponsorları arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” şirkətləri də var. Sərginin iştirakçıları qismində isə “Iteca Caspian”, “Caspian Event Organisers” və “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti